2022-ci ildə BTC ilə neft nəqli 14% artıb - BTC Co

2022-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ixrac edilən neft və qaz kondensatının həcmi 30 milyon ton (təqribən 224 milyon barel) təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 13,6% çoxdur. Bu barədə BTC Co məlumat verib.
"2022-ci ildə Ceyhan limanından 305 tanker yola salınıb. Ümumiyyətlə, BTC neft kəməri 2006-cı il iyunun 4-də istismara veriləndən 2022-ci ilin sonuna kimi Ceyhan limanından 5244 tanker yola salınıb. Bu müddət ərzində BTC vasitəsilə dünya bazarlarına 531 milyon tondan çox neft (3,99 milyard barel) çatdırılıb”, - şirkət bildirilib.
BTC Co şirkətinin məlumatına görə, BTC Co-nun 2022-ci ildə BTC layihəsi üzrə xərcləri 2021-ci illə müqayisədə 17% azalaraq 127 milyon dollara düşüb. Eyni zamanda, 2022-ci ildə kəmərin istismarı üçün əməliyyat xərcləri 100 milyon dollar (- 16% ), əsaslı xərclər – 27 milyon dollar (-20,6%) təşkil edib.
Layihənin səhmdarları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); ExxonMobil (2,5%), Itochu (3,4%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGC Videsh (2,36%) şirkətləridir.
Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və "Şahdəniz” yatağından hasil edilən qaz kondensatı ixrac edilir. BTC həmçinin Xəzər regionunun digər ölkələrindən, xüsusən də Qazaxıstan və Türkmənistandan neft və qaz kondensatı nəql edir.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir ki, bunun da 443 km-i Azərbaycanda, 248 km-i Gürcüstanda, 1077 km-i Türkiyədədir. Boru kəmərinin ötürmə qabiliyyəti sutkada 1,2 milyon barel təşkil edir.
N.Təbrizli
www.anews.az