Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb

2022-ci ilin yekunlarına görə, Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin ÜDM-nin 74%-nə bərabərdir. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat verib.
"2022-ci ilin sonunda strateji valyuta ehtiyatları ÜDM-in 74%-ni təşkil edib və manatla pul kütləsini (M2) 3,4 dəfə üstələyib”, - Azərbaycan Mərkəzi Bankının saytında dərc olunmuş 2022-ci il üçün pul siyasəti icmalında deyilir.
Mərkəzi Bankın məlumatına görə, 2023-cü il yanvarın 1-nə M2 pul aqreqatı 29,6 milyard manata yaxın olub.
2022-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 100 milyard manat səviyyəsində qiymətləndirilir.
Mərkəzi Bank qeyd edir ki, ölkənin valyuta ehtiyatları Azərbaycana 35 aylıq mal və xidmət idxalını həyata keçirməyə imkan verir.
Azərbaycanın strateji valyuta ehtiyatları Mərkəzi Bankın ehtiyatları, Dövlət Neft Fondunun vəsaitləri və Maliyyə Nazirliyinin xəzinədarlıq fondları hesabına formalaşır.
N.Təbrizli
www.anews.az