Azərbaycan XİN Nikol Paşinyana cavab verib
Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı 23 fevral 2023-cü il tarixli şərhləri məhkəmənin qərarı ilə tərs-mütənasibdir və Ermənistan tərəfinin növbəti dəfə arzularının reallıq kimi təqdimatı cəhdidir. Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatına dair şərhində bildirilib.
Qeyd olunub ki, ilk növbədə qeyd edək ki,Paşinyanın guya Məhkəmənin Laçın yolunun bağlandığına dair iddianı qeydə aldığı barədə şərhi heç bir şəkildə Məhkəmənin müvəqqəti tədbirlər barədə qərarının əsaslandırıldığı mətnlə üst-üstə düşmür və qərarda yolun bağlandığı qeyd olunmur.
Laçın yolunda Azərbaycanın vəzifələrinin nədən ibarət olduğu barədə məsələni şərh edən Ermənistan baş naziri görünür ki, hələ də 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatında Azərbaycan Respublikasının Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verməsi barədə müddəanı düzgün anlamayıb. Azərbaycanın Laçın yolunda hərəkətin təhlükəsizliyinə zəmanət verməsi yoldan sui-istifadə hallarına imkan yaradılması kimi anlaşılmamalıdır və Azərbaycan tərəfinin buna imkan yaratmayacağı dəfələrlə bəyan olunub.
Ümumiyyətlə, Beynəlxalq Ədalət Məhkəməsinin guya Ermənistanın vəsatətini təmin etdiyi barədə əsassız iddia ilə bağlı qeyd edək ki, Məhkəmənin müvəqqəti tələbi Ermənistanın tələbi ilə eyni deyil və Məhkəmənin qənaəti budur ki, Azərbaycan "fasiləsiz hərəkəti təmin etmək...” əvəzinə "öz ixtiyarında olan bütün tədbirləri görməlidir”. Məhkəmə eyni zamanda, Ermənistanın yol boyu hərəkətin "sərbəst” olması və "bütün” şəxslər, yük və nəqliyyat vasitələri üçün təmin olunması ilə bağlı iddiasını da qəbul etməyib. Bununla, Məhkəmə Azərbaycanın mövqeyinə əlavə olaraq dəstək verərək, Laçın yolu ilə hərəkətin Ermənistanın iddia etdiyi kimi "azad”, yəni heç bir nəzarət olmadan həyata keçirilməsi barədə Ermənistanın tələbini rədd edib.
Ermənistan baş nazirinin minalar ilə bağlı Məhkəmə qərarını təhrif edən açıqlaması isə göstərir ki, Ermənistan tərəfi bu məsələdə yenə də öhdəliyi öz üzərindən atır. Halbuki, Məhkəmədə dinləmələr bir daha göstərib ki, Ermənistan mina istehsal etmədiyi və basdırmadığı barədə beynəlxalq təşkilatlara açıqladığı hesabatlar yalan üzərində qurulub.
Qərardan göründüyü kimi, Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil. Məhkəmənin bu qərarı Ermənistanın Azərbaycan ərazilərində minalar və mina tələləri yerləşdirilməsi, Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərinə 2021-ci il istehsalı minaların daşıması, və minalanmış ərazilər barədə həqiqi xəritələrin təqdim edilməməsi kimi öhdəliklərin pozuntularından azad etmir. Ümumilikdə qeyd edək ki, Məhkəmə tərəfindən mina təhdidi məsələsinə mahiyyəti üzrə ayrıca baxılacaq.
www.anews.az