Bayrağın yandırılması Ermənistan dövlətinin növbəti təxribatıdır - Əliyev
Ermənistanda keçirilən Ağır Atletika üzrə keçirilən Avropa Çempionatında Azərbaycan bayrağının yandırılması Ermənistan hökumətinin növbəti çirkin əməlidir, bunu Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Az-tv-yə müsahibəsində bildirib.
"Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar. Guya onu saxlayıblar, ondan bir neçə dəqiqə sonra buraxıblar. Orada bir şou düzəldiblər, onu alqışlarla qarşılayıblar və bu adama qarşı heç bir cəza tədbiri, heç cərimə də tətbiq olunmayıb. Yəni, bu, nəyi göstərir? Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir", prezident müsahibəsində deyib.
Aprelin 11-də Ermənistanda keçirilən Avropa Çempionatının açılışı zamanı səhnəyə gətirilən Azərbaycan bayrağı tədbirin təşkilatçılarından olan Aram Nikolyan tərəfindən yandırılıb. Baş verən hadisəyə görə Nikolyan polisə çağrılsa da ona qarşı heç bir tədbir görülməyib. Ermənistana içtirak üçün yollanan Azərbaycan iştirakçıları yarışa qatılmaqdan imtina edib və bir gün sonra ölkəyə qayıdıb.
Gülnar Nazimqızı
www.anews.az