Laçın dəhlizində sərhəd-keçidi beynəlxalq qaydalara uyğundur - Əliyev
Bakı beynəlxalq qaydalara uyğun olaraq Laçın dəhlizində sərhəd-keçid məntəqəsini açıb. Bunu prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib.
"Bu keçid məntəqəsinin quraşdırılması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun təmin olunub”, - Əliyev söyləyib.
Prezident qeyd edib ki, Laçın yolunda keçid məntəqəsinin quraşdırılmasında məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, əksinə, nəzarəti təmin etməkdir. Azərbaycan prezidenti vurğulayıb ki, artıq bu məntəqədən keçid həyata keçirilir.
İlham Əliyev telefon danışığında bildirib ki, Qarabağda yaşayan erməni əhalinin hüquqları Azərbaycan konstitusiyası və beynəlxalq sənədlər çərçivəsində təmin olunacaq.
Bundan əvvəl bildirilmişdi ki, Entoni Blinken İlham Əliyevlə telefon danışığında Laçın dəhlizində Azərbaycan nəzarət-buraxılış məntəqəsinin yaradılmasından narahatlığını bildirib və Laçın dəhlizinin kommersiya və şəxsi nəqliyyat üçün tezliklə açılmasının vacibliyini vurğulayıb.
Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılması barədə məlumat yayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər