Vətəndaşlıqdan necə çıxmaq olar? - HÜQUQŞÜNAS MƏSLƏHƏTİ

Azərbaycanda vətəndaşlıqdan çıxmaqla bağlı məsələlər "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunla tənzimlənir və bu şəxsin vəsatəti üzrə həyata keçirilir.
Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə dövlət orqanlarının hər biri tərəfindən 1 ay (ümumilikdə 6 ay) müddətində baxılır.
Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində vəsatət qaldıran şəxslərə Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi tərəfindən yazılı məlumat verilir. Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyi vətəndaşlığı təsdiq edən sənədləri verən orqanları (vəzifəli şəxsləri) müvafiq tədbirlər görülməsi üçün xəbərdar edir.
2021-ci ildə Azərbaycan Respublikası vətəndaşlığından çıxanların sayı 944 nəfər olub. Bu haqda hökumətin 2021-ci ildəki fəaliyyəti ilə bağlı parlament hesabatında qeyd olunub.
Hüquqşünas Sahib Əliyevin sözlərinə görə, şəxsin vətəndaşlıqdan çıxarılma məsələlərini dövlət özü müəyyən edir.
"Şəxs bətəndaşlıqdan imtina etmək istədikdə bu barədə bir ay müddətində müvafiq İcra Hakimiyyəti orqanına - Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya xidmətinə xəbər verməlidir. Əgər bunu etməsə, həmin şəxs buna görə cinayət məsuliyyətinə cəlb olunur. 2014-cü ilə qədər bu məsələdə yanaşma fərqli idi. Amma indi vətəndaşlıqda saxlayıb-saxlamamaq məsələlərini dövlət özü müəyyən edir", - hüquqşünas deyib.
Bir şəxsin ölkə vətəndaşlığından çıxması bir neçə halda baş verə bilər. Bunlardan ilki şəxsin özünün müraciətidir. Bu tip hallarda əsasən başqa ölkələrin vətəndaşlığına keçmiş şəxslər vətəndaşlıqdan çıxmaq üçün, həm də ölkə prezidentinə müraciət edir. Daha sonra onun dövlət qarşısında vergi, hərbi xidmət, mülki öhdəliyi, cinayət məsuliyyətinin olub-olmadığı yoxlanır.
Qanuna görə, vətəndaşlıqdan çıxmaq istəyən şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya ölkədəki hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər.
Qanunda vətəndaşlıqdan çıxmaqla yanaşı, vətəndaşlığın itirilməsi halları üzrə də maddələr yer alır. 2016-cı ilə qədər Azərbaycanda hər hansı bir şəxsin vətəndaşlıqdan çıxarılmasına icazə verilmirdi. Referendumla Konstitusiyaya edilən dəyişikliyə əsasən qanunla müəyyən edilmiş hallarda şəxs Azərbaycan vətəndaşlığını itirə bilər.
Aşağıdakı hallar şəxsin Azərbaycan vətəndaşlığından çıxarılmasına əsas ola bilər:
-Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
-Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
-Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
-Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi;
-Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi;
-Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.
Azərbaycan Respublikasının vətəndaşlığından çıxma üçün tələb olunan sənədlər:
-Azərbaycan Respublikası Prezidentinin adına yazılmış Ərizə-anket
-4 ədəd 2x2 inches ölçüdə fotoşəkil;
-yaşayış yerindən ailə tərkibi haqqında arayış;
-dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər;
-Hərbi biletin surəti;
-dövlət rüsumunun ödənilməsi barədə sənəd - 60 ABŞ dolları məbləğində dövlət rüsumunu "money order"
-şəxsiyyəti təsdiq edən sənədin surəti;
Eltac Nurullazadə
www.anews.az