Vaqnerin qüvvələrinə amnistiya vəd edilib
"Vaqner” Xüsusi Hərbi Şirkətinin muzdluları silahlarını yerə qoyarsa, onlara amnistiya vəd edilib. Bunu Rusiya Dövlət dumasının deputatı Pavel Kraşeninnikov deyib. Bu barədə TASS xəbər agentliyi xəbər verir.
Deputat bildirib ki, silahlarını yerə qoyub təslim olanların bütün xidməti nəzərə alanacaq və onlar bağışlanacaq.
"Vaqner döyüşçüləri Ukraynada xüsusi hərbi əməliyyatlar zamanı əldə etdikləri nailiyyətləri nəzərə alaraq hələ də silahlarını yerə qoya və cəzadan can qurtara bilərlər, lakin onlar bunu tez etməlidirlər”, - deputat vurğulayıb.
İyunun 23-ü "Vaqner" Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya ordusunu bu ölkənin hərbi rəhbərliyinə qarşı silahlı qiyama çağırıb.
Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb.
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
Rusiya hakimiyyəti ölkənin bir sıra bölgələrində, o cümlədən Moskva şəhəri və vilayətində, eləcə də Voronejdə antiterror əməliyyat rejimi elan edib.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər