XİN-də Azərbaycan-ÜƏMT əlaqələri müzakirə edilib - FOTO
Xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini Hasan Kleybin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı əqli mülkiyyətin qorunması sahəsində beynəlxalq tərəfdaşlıq, eləcə də Azərbaycanla ÜƏMT arasındakı mövcud əməkdaşlıq əlaqələri müzakirə edilib.
Ceyhun Bayramov Azərbaycan Respublikasının aidiyyəti qurumları ilə təşkilat arasında geniş əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edərək, əqli mülkiyyət üzrə işlərin təkmilləşdirilməsi sahəsində ölkəmizdə həyata keçirilən fəaliyyətin bir sıra istiqamətləri barədə məlumat verib. Nazir diqqəti eyni zamanda, Ermənistan tərəfindən ərazilərimizin 30 illik işğalı dövründə yer adlarımızın dəyişdirilməsi, Azərbaycana məxsus olan mədəni sərvətlərin və mədəni irs obyektlərinin Ermənistan tərəfindən talan edilməsi və ya adlarının dəyişdirilməsi, Azərbaycana məxsus digər mədəni irs nümunələrinin Ermənistan tərəfindən mənimsənilməsinə yönəldib.
Müqabil tərəf, öz növbəsində Azərbaycanla təşkilat arasındakı mövcud əməkdaşlıqdan məmnunluğunu, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin bir sıra ölkələrin bu sahədə fəaliyyəti üçün nümunə təşkil etdiyini bildirib. O, Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa dəyərli töhfə verdiyini qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər