Prezident Gədəbəy hadisələri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyini pisləyib

Gədəbəy rayonun Söyüdlü kəndində baş verənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səhlənkarlığı üzündən baş verib. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bildirib.
"Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil. Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər edib. Bu da dözülməz və qəbuledilməzdir", - Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy hadisələri barədə danışarkən deyib.
Ölkə başçısı bildirib ki, o təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir.
"Azərbaycandakılar artıq müəyyən edilib və bir neçəsi məsuliyyətə cəlb olunub. Xaricdəkiləri də biz məsuliyyətə cəlb edəcəyik. Heç kim, necə deyərlər, fikirləşməsin ki, biz bunu unutmuşuq. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Əgər kimsə unudubsa, biz xatırlada bilərik. Ona görə vətəndaşlar da həm mədəniyyət göstərməlidirlər, necə deyərlər, mərifət göstərməlidirlər, qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar. Birincisi polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. İkincisi, bu, cinayətdir. Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar”, - Əliyev vurğulayıb.
Bununla yanaşı Əliyev qeyd edib ki, baş verənlərin təbii səbəbi olub.
"Xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə bu məsələ ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilib. r. Mən xəbər tutandan sonra zəng edib baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir. Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin", - İlham Əliyev bildirib.
Prezident həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini pisləyib, Daxili İşlər Nazirliyini isə tərifləyibdir.
"Nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur. Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir. Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram. İndi yenə də deyirəm, polisə daş atan utanmalıdır - öz ailəsi qabağında, uşaqları qabağında, ailə üzvləri qabağında, ictimaiyyət qabağında. Çünki o eybəcər mənzərəni ictimaiyyət görüb. Ona görə mən tapşırıram, bir həftə vaxt verirəm, həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə üçün bu məsələyə diqqət yetirməyib, biganə qalıb və mən tapşırıq verəndən sonra gediblər, gəliblər, nəticə haqqında heç bir məlumat yoxdur”, - İlham Əliyev vurğuayıb.
Bir qrup kənd sakini sözügedən ərazidə yerləşən və daha çox qızıl mədəninin tullantıxanası üçün istifadə edilən süni gölə axıdılan təhlükəli kimyəvi maddələrin, xüsusilə sianid tərkibli suların bütövlükdə ətraf mühitə, həmçinin, bu regionun ekoloji vəziyyətinə, o cümlədən, bu ərazidə yaşayan insanların sağlamlığına ciddi mənfi təsir göstərdiyini əsas gətirərək etiraz aksiyası keçirib və bu aksiyanın əraziyə cəlb edilmən polis qüvvələri tərəfindən qarşısı alınıb.
Dinc sakinlərlə polis qüvvələri arasında yaranmış qarşıdurma zamanı bəzi polis əməkdaşlarının kənd sakinlərinə, xüsusilə də, yaşlı qadınlara qarşı aşırı güc tətbiq etdiyi hadisə yerindən yayılan videogörüntülərdə öz əksini tapıb.
Dinc sakinlərlə polis qüvvələri arasında yaranmış qarşıdurma zamanı bəzi polis əməkdaşlarının kənd sakinlərinə, xüsusilə də, yaşlı qadınlara qarşı aşırı güc tətbiq etdiyi hadisə yerindən yayılan videogörüntülərdə öz əksini tapıb.
Bir çox insan həbs olunub və kəndin giriş-çıxışlarında polis nəzarət məntəqələri qurulub.
Yaranmış vəziyyətlə bağlı iyunun 21-də Baş nazir Əli Əsədovun sərəncamı ilə, Ekologiya və Təbii Sərvətlər nazirinin rəhbərliyi ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Yaranmış vəziyyətlə bağlı iyunun 21-də Baş nazir Əli Əsədovun sərəncamı ilə, Ekologiya və Təbii Sərvətlər nazirinin rəhbərliyi ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
N.Təbrizli
www.anews.az