Foxconn Hindistanda iPhone 15 istehsalına başlayır

Dünyanın ən böyük elektronika istehsalçısı və "Apple Inc.” şirkətinin tədarükçüsü olan Tayvanın Foxconn Technology Group şirkəti Hindistanın Tamil Nadu əyalətindəki zavodunda iPhone 15-in istehsalına başlayır.
Şirkət cihazları Apple-ın ən son smartfonunun Çində konveyerdən çıxmasından bir neçə həftə sonra göndərib.
Belə ki, Amerika İT nəhəngi Apple-ın əsas istehsal mərkəzinin yerləşdiyi ABŞ və Çin arasında yaranan gərginlik fonunda riskləri azaltmaq üçün tədarük mənbələrinin diversifikasiyası üzrə çoxillik plan həyata keçirir.
iPhone 14-ün buraxılmasından əvvəl Hindistanda smartfonların yalnız kiçik bir hissəsi istehsal olunurdu, ölkədə cihazların istehsalı isə Çinə nisbətən altı-doqquz ay gec başladı.
2022-ci ildə bu gecikmə əhəmiyyətli dərəcədə azaldılıb və yerli istehsal olan bu tipli telefonların sayı istehsal edilən iPhone-ların ümumi sayının 7%-nə qədər artıb.
Tədarüklər baxımından fərqin bu il daha da azaldılması planlaşdırılır, lakin təchizatçıların özləri buna nail ola biləcəklərinə hələ əmin deyillər. Hindistanda iPhone 15-in istehsalının miqyası əksəriyyəti xaricdən gətirilən komponentlərin mövcudluğundan və Çennai şəhəri yaxınlığındakı Foxconn zavodunda smartfonların istehsal həcmindən asılı olacaq.
Martda başa çatan 2023-cü maliyyə ilinin sonunda Apple-ın Hindistanda smartfon istehsalı üç dəfə artaraq pul ifadəsində 7 milyard dollardan çox olub. Ölkədə iPhone pərakəndə satışları da müsbət dinamika nümayiş etdirir və ötən rübdə illik müqayisədə ikirəqəmli artım sayəsində daha bir yüksək səviyyəyə çatıb.
Apreldə baş nazir Modi ilə görüşdə Apple şirkətinin baş direktoru Tim Kuk bildirib ki, şirkət öz iştirakını genişləndirmək və ölkə daxilində sərmayələri artırmaq niyyətindədir. Bununla da şirkət Hindistanda mühüm istehsal mərkəzi yaratmaq və Hindistanda uzunmüddət işləmək niyyətini təsdiqləyib. Bu barədə The Indian Times məlumat yayıb.
Texnologiya nəhənginin ölkədəki digər təchizatçıları Pegatron Corp. və Wistron Corp. tezliklə iPhone 15-in istehsalına başlayacaqlar.
Yeni iPhone modelinin sentyabrın 12-də təqdim ediləcəyi gözlənilir və şirkətin azalan ümumi satışlarının canlanmasında mühüm rol oynaya bilər. Apple ABŞ, Çin və Avropa kimi əsas bazarlarda zəif istehlakçı tələbi səbəbindən mənfəət azlığı yaşayıb.
www.anews.az