Texniki baxışın olması vacibdirmi?

(Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi, polkovnik-leytenant Mübariz Ağayevin sitatı dəyişdirilib)
Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi məcburi haldır. Belə ki, tətbiq olunan qanunvericiliyin tələblərinə görə, istehsal olunduğu müddətdən 4 il ərzində nəqliyyat vasitəsini texniki baxışdan keçirilmə tələbi qoyulmur. Bu müddət bitdikdən sonra avtomobil iki ildən bir texniki baxışdan keçməlidir. On il keçdikdən sonra isə artıq hər il avtomobil texniki baxışdan keçməlidir. Əks təqdirdə şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1. maddəsinə əsasən nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə əlli manat məbləğində cərimə edilir. Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə rüsum isə 30 mаnаt təşkil edir.
Cəmiyyət arasında müzakirə olunan məsələlərdən biri də maşınlara texniki baxışın keçirilməsi ilə bağlıdır. Sürücülərin fikrincə, belə qaydanın hər il yerinə yetirilməsi absurddur. Onlar düşünür ki, bu avtomobil üçün heç bir əhəmiyyət kəsb etmir və ancaq əlavə pul yığmaq üçün bir yoldur.
Bəzi sürücülər isə texniki baxışın artıq bir posedur olduğunu iddia edir və bu yoxlanışı qeyri-ciddi qəbul edirlər. Buna səbəb olaraq həm texniki baxışı tətbiq etməyən dövlətlərdən misal gətirirlər, həm də ki, texniki baxış olsa da olmasa da maşınlarını həmişə saz vəziyyətdə saxladıqlarını bildirirlər.
Azərbaycanda belə bir prosedura ehtiyac varmı?
Nəqliyyat eksperti Elməddin Muradlı texniki baxışın Azərbaycanda hələ də mövcud olmasının səbəbini ölkədə maşın istehsalının olmaması ilə əlaqələndirir.
"Texniki baxışın hələ də Azərbaycanda olması, Amerika Avropa kimi ölkəklərdə olmamasının səbəbi orada maşın istehsalının olmasıdır. Azərbaycanda və yaxud da MDB ölkələrində güclü maşın istehsalı yoxdur. Gürcüstan, Ermənistan və Azərbaycanda avtomobillərin böyük hissəsi 20 ildən çoxdur istismar olunur. Böyük əksəriyyəti 20-30 ildir ki, istifadə edilir. Bir çox ölkədə texniki baxış hələ də var. Bəziləri ləğv olunduğunu deyir amma hələ də texniki baxış bir formada davam edir. İnsanın şüurundan və təfəkküründən çox şey asılıdır. Adam var ki maşın dağılıb-tökülür amma hələ də deyir ki, sonuna qədər sürəcəm maşını. Texniki baxış olmasa inanın ki, o avtomobillərə texniki qulluq göstərilməz. Bununda nəticəsində bu maşınları bir müddət idarə etdikdən sonra, tormuz tutmur, işıq sistemi işləmir və və sonda qəza baş verir. Yəni texniki baxışın məhiyyəti odur ki, nəqliyyat vasitəsinin sürücüsü üzərində bir məsuliyyət hiss etsin və nəqliyyat vasitəsini texniki cəhətdən sağ vəziyyətdə saxlasın. Bizim sürücülər nə edir bəs? Texniki baxışa 1 həftə qalmış maşını ustaya apararaq texniki baxışa hazır olub-olmadığını soruşur. Heç olmasa sürücülər maşını ildə bir dəfə yoxlatdırsa, bu da müəyyən qədər kifayət edir”, - ekspert deyib.
Ekspertin fikrincə, Azərbaycanda texniki baxışların ləğv edilməsi yol qəzalarının artmasına səbəb ola bilər.
"Biz hamımız deyirik ki, avtomobildə dərman qutusu, yanğın söndürən balon, qəza üçbucağı kimi vəsaitlər olmalıdır. Bizim sürücülər texniki baxışa gedərkən, bunların hərəsini bir dostundan, qonşusundan tapıb aparır yoxlanışa. Belə edərək onlar polisi aldatdıqlarını düşünürlər. Məsələn bir maşında balaca bir tüstülənmə baş verir. Bütün avtomobillər birdən birə alışıb yanmır, bu yavaş-yavaş baş verir. Bu alov ilkin mərhələdə aşağı səviyyədə olur və yanğın söndürən balon ilkin mərhələdə alovu söndürməyə kifayət edir. Amma bu adam yol polisini aldatdığına görə, 20 minlik, 30 minlik maşın kül olur. Yəni məsuliyyətsizliyin axırı da belə olur. Ona görə, bu gün Azərbaycanda texniki baxış ləğv olunsun demək düzgün deyil. Bəzi sürücülər texniki baxış olmasa maşınının texniki parametrlərinə ümumiyyətlə qulluq etmirlər. Kimdən soruşsan deyir ki, imkanım yoxdur. Yol hərəkəti qanununda, imkanı olan və yaxud olmayan hallar istisna hal kimi yazılmayıb. Qanun deyir ki, sürücü nəqliyyat vasitəsini sağ vəziyyətdə saxlamağa və yol boyu onu təmin etməyə borcludur. Qanun deyir ki, sən bunu təmin etməlisən. Necə etməlisən özün bilərsən. İmkanın yoxdursa da, çıxma yola. Məncə hal-hazırda Azərbaycanda texniki baxışın olması çox vacibdir", - Muradlı vurğulayıb.
Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi, polkovnik-leytenant Mübariz Ağayevin sözlərinə görə, Azərbaycandanəqliyyat vasitələrinin texniki baxışa təqdim edilməsi bu sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun aparılır.
"Nəqliyyat vasitələrinin texniki baxışı bilavasitə təhlükəsizliyə bağlı olan bir məsələdir. Bu sahəni tənzimləyən normativ hüquqi aktlar sistemi dövrün tələbinə uyğun olaraq təkmilləşir, beynəlxalq standartlara uyğunlaşdırılır. texniki baxış zamanı təkcə avtomobilin texniki vəziyyəti yoxlanılmır, eyni zamanda onun mənsubiyyəti, qeydiyyat məlumatları dəqiqləşdirilir, cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə tədbirləri həyata keçirilir.
Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsi, eləcə də nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün avtonəqliyyat vasitələri üçün nəzərdə tutulan rüsum, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir”, - Ağayev bildirib.
Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsi, eləcə də nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün avtonəqliyyat vasitələri üçün nəzərdə tutulan rüsum, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir”, - Ağayev bildirib.
Onun sözlərinə görə, avtomobillərin texniki baxışıi Baş Dövlət Yol Polis İdarəsinin Bakıda və rеspublikаnın şəhər və rаyоnlarında fəаliyyət göstərən 35 хəttdən ibаrət 15 rеgiоnаl texniki baxış mərkəzində həyata keçirilir. Həmin mərkəzlərdə аvtоmоbillərin tехniki müаyinəsi Аlmаniyа və İtаliyа istehsalı olan müаsir tехniki qurğular vasitəsilə аvtоmаtlаşdırılmış surətdə аpаrılır.
"Nəqliyyat vasitələrinin növbəti texniki baxışdan keçmə müddəti barədə onların sahiblərinə SMS vasitəsilə məlumat verilir” - idarə rəsmisi bildirib.
O, əlavə edib ki, Azərbaycanda pul verərək texniki baxışdan keçmə halları yoxdur və bunun üçün vahid dövlət rüsumu mövcuddur.Rabia Hale Seferoğlu
Eltac Nurullazadə