Havaların soyuq olması fındıq məhsuluna təsir göstərəcək- İsmayıl Orucov

2023-cü ildə Azərbaycanda, ən azı, 60-70 min ton qabıqlı fındığın yığılması gözlənilir. Bu da emal prosesindən sonra 21-23 min ton fındıq ləpəsinin olacağı deməkdir. Bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov Fed.az-a müsahibəsində bildirib.
"Yaz aylarında havanın çox sərin, bir çox dağlıq rayonlarda soyuq keçməsi bioloji yetişmə fazasına çatmamış məhsulu zədələdi. Əslində, bu il məhsul istehsalında artım olmalı idi, amma qeyd edilən səbəbdən böyük bir artım gözlənilmir. Məhsul istehsalının ötənilki qədər olacağı proqnozlaşdırılır. Ümid edirəm ki, soyuq hava şəraiti fındıqların keyfiyyətinə çox az təsir edər, amma böyük ehtimal da var ki, bu proses təsirsiz ötüşməyəcək, məhsulda bioloji xəstəliklərdən əziyyət çəkəcəyik",- sədr bildirib.
Cari ilin yanvar-iyununda ölkədən 60,6 milyon ABŞ dolları dəyərində 12,2 min tondan çox meşə fındığı ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesablamalarına görə, bu 2022-ci ilin eyni göstəriciləri ilə müqayisədə dəyər olaraq 5,7 faiz (3,29 milyon dollar), həcm olaraq isə 18,9 faiz (1,94 min ton) çoxdur.
Cari ilin mayına nisbətdə isə iyunda fındığın ixrac dəyəri 3,3 faiz (193,66 min dollar) artaraq 5,98 milyon dollar, həcmi isə 1,2 faiz (14,18 ton) artaraq 1,1 min tonu üstələyib.
2023-ci ilin ilk 6 ayında fındığın ümumi ixracda xüsusi çəkisi 0,34 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,42 faizə bərabər olub.
Aytac Zeynalova
www.anews.az