"SOCAR AQŞ Türkiyə"nin cənub-şərqində 4 neft quyusu qazacaq

Türkiyənin SOCAR AQS Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş (SOCAR AQS Türkiyə) şirkəti ilə Türkiyənin dövlət neft şirkəti TPAO arasında qazma müqaviləsi imzalanıb.
"SOCAR AQS Türkiyə" SOCAR AQŞ qazma şirkətinin törəmə şirkətidir.
"Müqavilə Türkiyənin cənub-şərqində SOCAR AQŞ Türkiyə tərəfindən 4 neft quyusunun qazılmasını nəzərdə tutur. Bu saziş hər iki şirkət üçün mühüm nailiyyətdir və enerji sektorunda strateji tərəfdaşlığı təmsil edir”, - SOCAR AQŞ-nin açıqlamasında bildirilir.
Sazişin Türkiyənin neft hasilatını dəstəkləyəcəyi və bölgədə məşğulluğu artıracağı gözlənilir.
SOCAR AQŞ 2007-ci ildə SOCAR, Nobel Oil Services və Abşeron Qazma Şirkəti tərəfindən hərtərəfli qazma və quyuların idarə edilməsi xidmətləri göstərən birgə müəssisə kimi yaradılıb. Nobel Oil Services SOCAR AQŞ-nin əsas səhmdarıdır.
SOCAR AQŞ-nin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, istiqamətləndirici quyuların qazılması, horizontal quyuların qazılması, quyuların işlənməsi, quyuların təmiri, şaxələndirilməsi və şaxələnmiş quyuların qazılması üzrə xidmətlər və işlərin göstərilməsidir.
N.Təbrizli
www.anews.az