Ankarada terror aktı törədənlərdən birinin kimliyi məlum olub

Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsinin qarşısında bombalı hücum həyata keçirən terrorçulardan birinin şəxsiyyəti məlum olub. Bu barədə TRT Haber-ə Türkiyə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nazirlik Ankarada bombalı hücumu həyata keçirən terrorçulardan birinin PKK üzvü olduğunu açıqlayıb.
"Araşdırmalar zamanı terrorçulardan birinin separatçı PKK terror təşkilatının üzvü olduğu müəyyən edilib. Digər terrorçunun müəyyən edilməsi istiqamətində işlər davam etdirilir", - açıqlamada bildirilib.
Həmçinin terror aktının törədildiyi yerdə xeyli miqdarda partlayıcı və silah-sursat aşkarlandığı qeyd olunub.
Nazirlik hücum cəhdində istifadə edilən avtomobillə bağlı detalları da açıqlayıb. Bildirilib ki, aparılan araşdırmalar zamanı Kayserinin Dəvəli rayonunda özəl bir müəssisədə baytar işləyən Mikayıl Bozlağanın terrorçular tərəfindən qətlə yetirildiyi və avtomobilinin qaçırıldığı məlum olub.
Dünən saat 10:30 radələrində Türkiyə Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsinin qarşısında iki terrorçu bombalı hücuma cəhd edib. Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.
Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər