Ötən il Azərbaycanla MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi 30 faiz artıb- PREZİDENT
2022-c ildə Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında bildirib.
Prezident bildirib ki, cari ildə artım 20 faizdən çoxdur.
"MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək”,- prezident vurğulayıb.
Bu ilin yanvar-avqustunda Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard 261 milyon 917 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Cari ildə MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 28,7 %-ni təşkil edib.
Aytac Zeynalova
www.anews.az