Kənd təsərrüfatına ayrılan vəsait azaldılıb - Deputat bunu düz,ekspert isə səhv adlandırır
2024-cü ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinin 1 milyard 109,9 milyon manat olması nəzərdə tutulub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% azdır. Bu barədə Maliyyə Nazirliyinin "2024-cü il dövlət büdcəsi haqqında” Milli Məclisə təqdim olunan layihəsində qeyd olunub.
Ötən il kənd təsərrüfatına 1 milyard 202 milyon 142 min 802 manat pul ayrılıb.
Aqrar siyasət komitəsinin üzvü, deputatı Cavanşir Paşazadə bildirir ki, əvvəlki illərdə kənd təsərrüfatına yetərincə maliyyə ayrıldığından artıq fermerlərin qazancları xərclərini ödəyir.
"Prezident İlham Əliyevin 20 il əvvəl verdiyi tapşırıq və qərarlara əsasən, həm kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə, həm də heyvandarlıq üçün böyük vəsaitlər ayrılıb. Həmin qərarlardan sonra kənaqrar sektorda çalışan insanlara bir sıra güzəştlər edilib, bəzi vergilərdən azad olunublar. Beləliklə uzun illər kənd təsərrüfatına ayrilan vəsaitlərin çox olması, fermerlərə edilən güzəştlər onların özlərinin qazanclarının yaxşılaşmasına və ehtiyaclarının azalmasına səbəb olub. Odur ki, kənd təsərrüfatına dövlət büdcəsindən ayrılan vəsait də azalmağa başlayıb və azalmaqda davam edəcək. Çünki fermerlərin, torpaq sahibkarlarının özlərinin qazancları özlərinə bəs edir", - deputat vurğulayıb.
"Aqrar İslahatlara Dəstək" İctimai Birliyinin rəhbəri, ekspert Vahid Məhərrəmli isə bildirir ki, kənd təsərrüfatına ayrılan mailiyənin azaldılması kiçik və orta fermerlər üçün ciddi problem yaradacaq.
"Son
vaxtlar gübrənin qiymətində kəskin şəkildə artım müşahidə olunur. Fermerlərə
göstərilən əkin, səpin, yığım kimi xidmətlərin
də qiyməti artıb. Hazırda bir sıra özəl sahibkarlar peyda olublar və dövlət
hesabına alınan bütün texnikanı ələ keçiriblər. Bu xidməti də onlar göstərirlər.
Bütün bunları nəzərə alsaq, kənd təsərrüfatına ayrılan mailiyənin azaldılması kiçik və orta
fermerlər üçün ciddi problem yaradacaq. Onların xərci artacaq və təsərrüfatın
inkişafında yaranan problemləri həll etməkdə çətinlik çəkəcəklər. Dövlətin həmin
xərcin bir hissəsini qarşılayacaq vəsaitdən onları məhrum etməsi işlərini çətinləşdirməkdən
başqa bir şey deyil", - ekspert əlavə edib.
Ekspertin fikrincə, ölkədə kənd təsərrüfatına xidmət sahəsində qiymətlərə nəzarət edilməlidir.
"Bu dəyişikliyi o vaxt etmək olardı ki, ölkədə xidmət və istehsal
vasitələrinin qiyməti ilə bağlı stabil bir qiymət diapazonu olardı. Buna isə
ölkədə nəzarət edilmir və belə olduğu halda kənd təsərrüfatına ayrılan vəsaitin azaldılması, əlbəttə, bir çox
fermerlərdə problem yaradacaq",- Vahid Məhərrəmli bildirib.
2023-cü ilin yanvar-sentyabrı üzrə dövlət büdcəsi dnəaxilolmaların 59,5 faizi qeyri-neft sektoru üzrə daxilolmalar təşkil etməklə 13130,8 milyon manat olub, bu da proqnozla müqayisədə 747,7 milyon manat və ya 6%, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 1531,0 milyon manat və ya 13,2 faiz çoxdur.
Çiçək Sadatova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər