Azərbaycan Texnologiya Universitetində “Kapital Bank otağı” istifadəyə verildi

Prioritet istiqamətlərindən biri də təhsilə dəstək olan ölkənin birinci bankı Kapital Bank Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirib. Əməkdaşlıq çərçivəsində İqtisadiyyat kafedrasının nəzdində "Kapital Bank otağı”nın açılışı baş tutub. Açılış mərasimində Kapital Bank-ın rəsmi nümayəndələri, Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi və tələbələr iştirak ediblər.
Bankın Pərakəndə satış departamentinin rəhbəri Məhəmməd İbrahimov isə çıxışında təhsilə dəstək yönümlü əməkdaşlıqları yüksək qiymətləndirib. O, bildirib ki, "Biz bu sahədə memorandumlar imzalayır, ali məktəblərlə əməkdaşlıq edir, təqaüd proqramları keçirir, tələbələrin bankda istehsalat təcrübəsi keçməsi üçün mümkün qədər şərait yaradırıq. Kapital Bank 5000 dən çox əməkdaşı ilə həm də sektorun ən böyük işəgötürən şirkətlərindən biridir. Bu imkandan yararlanan gənclər yaxın gələcəkdə ölkəmiz üçün faydalı, peşəkar mütəxəssislərə, eləcə də həmkarlarımıza çevriləcəklər. Biz böyük həyəcanla onları komandamızda gözləyirik”.
Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov isə bu təşəbbüs və dəstək üçün Kapital Bank rəhbərliyinə təşəkkürünü bildirib. "Yaşadığımız IV sənaye inqilabı dövründə təminatlı, müasir həllər təqdim edən hərtərəfli təhsil həm də əmək bazarı üçün peşəkar kadr hazırlığı deməkdir. "Kapital Bank otağı” bu istiqamətdə bizə geniş imkanlar yaradacaq”.
Daha sonra tədbir iştirakçıları 28 nəfərlik innovativ tədris otağı ilə tanış olublar. Ağıllı lövhə, müvafiq sayda notbuk və digər zəruri ofis avadanlıqları ilə tam təchiz edilən otaq tələbələr tərəfindən də maraqla qarşılanıb. Eyni zamanda ali məktəb və bank arasında gələcək layihələr müzakirə edilib.
www.anews.az
Son xəbərlər
Daha çox 