Doqquz ayda “Şahdəniz” yatağına çəkilən xərclərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-sentyabrında "Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən təxminən 2 milrayd 391 milyon xərc çəkilib. Bu barədə BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin 9 ayının nəticələrinə dair dərc etdiyi hesabatda bildirilib.
Bildirilir ki, vəsaitin 1 milyard 738 milyon dolları əməliyyat xərcləri, təxminən 653 milyon dollar isə əsaslı xərclər olub.
"Bu xərclərin böyük əksəriyyəti "Şahdəniz 2” layihəsinə aid olub”, - hesabatda qeyd olunur.
Cari ilin doqquz ayında Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə (Bakı-Tbilisi-Ceyhan neft kəməri) və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
"2023-cü ilin üçüncü rübündə Şahdəniz 2 layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib”, - hesabatda bildirilir.
"Şahdəniz 2” çərçivəsində hasil olunan qaz 2018-ci ilin iyunundan Türkiyəyə ixrac olunur. Türkiyəyə ixrac hazırda sabit ən yüksək səviyyəyə çataraq ildə 6 milyard kubmetr təşkil edir. Cənub Qaz Dəhlizinin 2020-ci ildə tam başa çatması ilə "Şahdəniz” qazı Avropaya nəql olunmağa başlanıb.
İstismara veriləndən bu ilin oktyabrın 1-nə qədər "Şahdəniz” yatağından 202,5 milyard kubmetrə yaxın qaz hasil edilib.
Bu dövrdə "Şahdəniz” yatağından hasil edilən qazın 143 milyard kubmetr həcmi ixraca nəql edilib.
"Azəri-Çıraq-Günəşli" platformalarında hasil edilən səmt qazının bir hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə əhalinin tələbatını ödəmək üçün təhvil verilir, qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.
15 dekabr 2006-cı il tarixində baş vermiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bəri "Şahdəniz” Mərhələ-1 qazı uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.
"Şahdəniz” yatağının işlənməsinin növbəti mühüm mərhələsi 2018-ci ildən, yəni "Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmləri nəqlinin başlandığı və iyulun sonunda "Şahdəniz Bravo” platformasından ilk qaz hasilatının əldə olunduğu ildən istismardadır.
"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Tərəflərin müqavilədə iştirak payı hazırda aşağıdakı kimidir: bp (operator - 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və Cenub Qaz Dehlizi QSC (21,02%).
Aytac Zeynalova
www.anews.az
Son xəbərlər
Daha çox 