Əfqanıstan xarici işlər nazirinin Bakıya səfəri təxirə salındı
Əfqanıstan xarici işlər nazirinin Zarar Əhməd Osmaninin Azərbaycana səfəri təxirə salınıb.Bu barədə APA-ya diplomatik mənbələrdən bildiriblər. Məlumata əsasən, martın 5-7-də keçirilməsi nəzərdə tutulan səfər Əfqanıstan-Pakistan sərhədində taliblərlə silahlı insident üzündən təxirə salınıb. Bu insidentə görə Əfqanıstan prezidenti Həmid Karzayın da Şri-Lankaya səfəri təxirə salınıb. Z.Osmaninin Azərbaycana səfərinin martın 18-19-da baş tutacağı göstərilir. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bu məlumatı təsdiqləyərək əlavə edib ki, səfərin dəqiq tarixi diplomatik kanallarla müəyyənləşdirilir. Qeyd edək ki, martın 1-də Əfqanıstan-Pakistan sərhədində yerləşən Xayber aşırımında terror aktı nəticəsində ən azı 11 nəfər həlak olub. Bundan öncə isə taliblər sərhəddə 20 nəfər hərbçini qətlə yetirib, 7 nəfəri girov götürüb. ANN.Az