• $
  • £

Dəfn pulları hansı göstəriciyə əsasən verilməldir? - Şərh

Dəfn pulları hansı göstəriciyə əsasən verilməldir? - Şərh
24.01.2024 17:39
Adının anonim saxlanmasını istəyən şəxs atası vəfat edəndən sonra ona qanunla düşən dəfn pulunu  ala bilmədiyi barədə anews.az-a şikayət ünvanlayıb.
 
Onun sözlərinə görə, dəfn pulu almaq üçün müraciət etdikdə, vəfat etmiş atasının indiyə qədər rəsmi şəkildə işləmədiyi əsas gətirilərək bu müavinatın ona verilməyəcəyi söylənilib.
 
"Atam 51 yaşında vəfat edib. Bu günə qədər heç bir yerdə rəsmi  işləməyib. Ölümə görə dövlət tərəfindən təyin olunan bir dəfəlik 500 manat ödənişi ala bilmirəm. DOST xidmətindən mənə bildirilib ki, atamın indiyə qədər rəsmi fəaliyyəti olmadığı üçün ona ödəniş düşmür. Bu nə dərəcə düzgündür? O qədər  rəsmi işdə çalışmayan insanlar var. Necə olur onlara bu ödənişdən pay düşmür?”, - o şikayətində bildirib.
 
Bəs ölən şəxsin yaxınlarına dəfn pulu hansı göstəriciyə əsasən verilməlidir?
 
Deputat Arzu Nağıyevin sözlərinə görə, qanunda heç bir boşluq yoxdur, çünki bu ödəmələr müxtəlif vətəndaşlar üçün tənzimlənir.
 
""Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının (AR) Qanununun 7.0.13-cü maddəsinə əsasən dəfn üçün müavinət bu Qanunun 4.0.1.1-4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən (dövlət qulluqçularına ömürlük müavinət, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə müavinət) biri təyin edilmiş şəxs, "İşsizlikdən sığorta haqqında” AR Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə şəxsin ölümü ilə əlaqədar xərcləri çəkmiş şəxslərə 500 manat ödəniş ödənilir. "Əmək pensiyaları haqqında” AR Qanunun 42.2 -ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı  tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğindən-840 manat dəfn üçün müavinət verilir. AR Nazirlər Kabinetinin 189 nömrəli Qərarının 90-cı hissəsinə əsasən Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir. Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir”, - deputat əlavə edib.
 
Nağıyev qeyd edib ki, işləməyənlərə də müavinətin  verilməsi məsələsi ilə bağlı Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi tərəfindən islahat paketi hazırlanıb və aidiyyatı qurumlarda baxılmaqdadır.
 
"Düşünürəm ki, yaxın zamanlarda bu məsələ öz həllini tapacaq”, - o bildirib.
 
Hüquqşünas Ramil Süleymanov qeyd edib ki, şəxs öldüyü ana qədər vergi ödəyicisi olmayıb, pensiya almayıbsa, onun ailəsinə dövlət tərəfindən dəfn pulu ödənilmir.
 
"Əgər öldüyü ana qədər işləyib dövlətə vergi ödəyibsə, yaxud da işlədiyi yerdə onun üçün sosial sığorta ödənişləri tutulubsa, o şəxsin yaxınları, 1-ci dərəcə vərəsələri, övladları, həyat yoldaşı onun dövlət tərəfindən ödənilən dəfn pulunu ölüm haqqında şəhadətnaməni və eyni zamanda yaxın qohumluq münasibətlərini təsdiq edən sənədi, şəxsiyyət vəsiqəsini, nigah haqqında şəhadətnaməni təqdim etməklə ala bilərlər. Şəxs öldüyü ana qədər vergi ödəyicisi olmayıbsa, pensiya almayıbsa onun ailəsinə dövlət tərəfindən dəfn pulu ödənilmir. Əgər kimsəsizdirsə, onunla bağlı müvafiq şəxslər İcra Hakimiyyətinə qurumlarına müraciət edir. Həmin şəxs dövlət himayəsindədi və dövlət həmin şəxsi kimsəsizlər məzarlığında dəfn edir. O şəxsin adı qeyd edilmir yalnız nömrələnmə olur. Həmin nömrələnmə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş uçot qaydalarına uyğun olaraq məxvi şəkildə kitabçada qeyd olunur və o konfidensial olaraq qorunur”, - hüquqşünas əlavə edib.
 
Onun sözlərinə görə, qonşu dövlət Türkiyədə dəfn məsələləri bələdiyyələrin öhdəliyindədir.
 
"Türkiyədə dəfn məsələləri bələdiyyələr tərəfindən ayrılmış qəbirstanlıqlarda həyata keçirilir. Bununla bağlı dəfn olunan şəxslərin yaxınları həmin bələdiyyə tərəfindən xidmət göstərilən qəbirstanlıqlara görə illik xidmət haqları ödəyir. Bu vəsait hesabına  qəbirstanlıqların abadlaşdırılması və mühafizəsi təşkil olunur. Əgər o kimsəsizdirsə  bələdiyyənin öhdəliyindədir. Bələdiyyələr  vətəndaşlar tərəfindən seçilir. Yəni vətəndaş seçkidə səs verib öz bələdiyyəsini seçir. Seçilən bələdiyyə vətəndaşla münasibətini ona xidmət göstərməsi üçün vergilər üzərində qurur. Dolayı yolla vətəndaş  bələdiyyəyə vergi ödəyir ki, bələdiyyə də ona xidmət göstərsin.  Bu kimsəsiz vətəndaş işləyibsə və ya işləməyibsə ümumiyyətlə bələdiyyənin ərazisində yaşayıb, orada yaşamağa görə 1 qəpik (1 kuruş) belə olsa, vergi ödəyib. Onun özü kifayətdir ki, bələdiyyə vətəndaşın son anında ona xidmətini göstərsin. Yaxınları tərəfindən dəfn olunanda isə onlar aidiyyatı üzrə bələdiyyəyə müraciət edir. Bələdiyyə ona yer ayrır. Ya da şəxslərin özlərinin ailə qəbirsanlıqları olur. Buna görə də onlar bələdiyyələrə illik haqq ödəyir. Bu müqavilə əsasında tənzimlənir. Məsələn İran İslam Respublikasında bununla bağlı hər hansı haqq nəzərdə tutulmamışdır. Dövlət tərəfindən (ərazi inzibati vahidlər ostanlar yəni vilayətlərdir) vilayətlərn rəhbəri tərəfindən müəyyən qəbirsanlıq əraziləri, torpaqlar ayrılır. Həmin torpaqlar birbaşa dövlətin balansında mülkiyyətində olan torpaqlar olduğundan dolayı orada dəfn işləri ya yaxınlar tərəfindən həyata keçirilir, ya da ki, kimsəsizdirsə dövlət tərəfindən həyata keçirilir. Eyni təcrübə Rusiya federasiyasında tətbiq olunur”, - Süleymanov deyib.   
 
Sosioloq Elçin Bayramlı hesab edir ki, dəfn pulunun ödənilməsi dövlətin vətəndaş qarşısında son borcudur və bu hamıya şamil edilməlidir.
 
"Ümumiyyətlə dəfn pulu vətəndaşın dövlət qarşısında son haqqı, dövlətin də vətəndaş qarşısında son borcudur. Ona görə də dəfn pulun ödənilməlidir. Təəssüf ki, bizdə bu kiçik məbləği də müəyyən qruplara ödəyirlər.  Bu çox böyük vəsait deyil ki, dövlət vətəndaş qarşısındakı son borcunu yerinə yetirə bilməyə. Burada ayrı-seçkiliyin heç bir yeri yoxdur. Mən istəyərdim ki, Milli Məclisdə deputatlar bu məsələləri qaldırsınlar. Xüsusən də dəfn pulunun heç bir fərq qoyulmadan istənilənilən vətəndaşa ödənilməsini təmin etsinlər. Qanuna dəyişiklik etsinlər. Bunun başqa cür olması ədalətli deyil. Belə çıxır ki, qeyd olunmuş katiqoriyalara aid olmayan şəxs vəfat edərsə və onun heç kimi yoxdursa, cənazəsi ortada qalmalıdır, dəfn xərci ödənməməlidir. Bu nə dərəcədə doğrudur? Onda dövlət nəyə lazımdır ki? Dövlətin borcu belə vəziyyətlərdə vətəndaşına sahib çıxmaqdır”, - sosioloq əlavə edib.
 
Bayramlılın sözlərinə görə, dəfn pulunun alınması üçün vətəndaşlardan çox sayda sənəd tələb olunması onları bezdirir.
 
"Məsələnin digər tərəfi də bunun alınması ilə bağlıdır. Hətta haqqı olanların bunu almasında problemləri var. Mən bir neçə adam tanıyıram ki, bunu almaqdan imtina edib. Çünki xeyli bürokratik sənədləşmə var, müxtəlif sənədlər, aktlar tələb edirlər. Azı 6-7 sənəd toplamalı, düzəltməli, bir çox yerlərdə təsdiq etdirməlisən. Bir çox vətəndaş da bu bürokratik süründürməçilikdən bezir və heç onu götürmür. O pulun yarısı, bəlkə də müəyyən bir hissəsi dövlətin özünə qalır. Verilməyən pullar hara gedir? Bu pulu almaq vətəndaşın haqqıdırsa, ona niyə rahat şəkildə verilmir. İnsanın ölümü faktdır. Fakt varsa, bu ödənilməlidir. Bu boyda sənədləşmənin tələb edilməsinin mənası nədir? Sadəcə ölüm haqqında bir arayış təqdim etmək kifayət edir ki, o adamın vəfat etməsi təsdiq olunsun. Onun ailəsindən bir şəxsə adi qaydada pul ödənməlidir. Ailəsi yoxdursa, bu halda qohumlardan, qonşulardan dəfn xərclərini kim edəcəksə, ona ödənilməlidir. Digər məsələlərdə - ünvanlı sosial yardımda və digər sosial ödənişlərdə olduğu kimi burdada çoxlu bürokratik əngəllər və yayınmaq imkanı var. İstənilən vaxt yerli məmurlar istənilən sənədin olmamasını bəhanə gətirib, bezdirici süründürməçiliyə salaraq müəyyən qrupun bu ödənişləri almamasına səbəb olurlar. Qəti şəkildə bu yol verilməzdi. Ümumiyyətlə 21-ci əsrdi, elektron baza var, bütün dövlətin elektron bazası var, şəxsin bütün məlumatları istisnasız olaraq vahid bazadadı. Bu qədər kağız-kuğuz, sənədləşmə nəyə lazımdır hələ heç kəs başa düşə bilmir.  Bu məsələ 2 istiqamət üzrə - həm dəfn pulunun hamıya aid olması tərəfindən, həm də sənədlərin ləğv olunması deputatlar qarşısında qaldırılmalıdır”, - o vurğulayıb.
 
Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, Azərbaycanda 2022-ci il 49 min nəfərdən çox şəxsə 32.5 milyon manat dəfn pulu ödənib.
 
Ötən ilin 1 yanvarından ölkədə dəfn pulunun məbləği Prezidentin sərəncamı ilə 300 manatdan 500 manata çatdırılıb.

 Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət 17:01
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Cəmiyyət 16:46
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 15:55
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol