Əlil Sabirabad rayon Mərkəzi Xəstəxanasını özbaşınalıqda suçlayıb - Şikayət
Hərbidə əlil olmuş Beyiş Əsgərov Sabirabad rayon Mərkəzi Xəstəxanasının əlilliyini təsdiq edib, sistemə vurmadığını iddia edir. Bununla bağlı o, anewsa.az-a şikayət ünvanlayıb.
"Hərbi xidmətdə olarkən əlil olmuşam. 2010-cu ildə dövlət mənə əlillik təyin edib. Sabirabad rayon Mərkəzi Xəstəxanasında isə mənim əlilliyimi kəsirlər. Komissiya sədri sənədlərimi pul müqabilində aldığımı deyərək sistemə vurmur, məni təhdid edərək deyir ki, şikayət etsəm vəkil tutub məni süründürəcək. Mənim bir dənə də olsun saxta sənədim yoxdur, hamısı dövlətin verdiyi sənədlərdir. Əlillik vəsiqəm də, dövlətin sığortası da var. Mənim müraciətimə nə deputat, nə İcra Hakimiyyəti baxır. Evim-eşiyim yoxdur. Gəlib baxsınlar mən hansı şəraitdə yaşayıram. Kiminsə himayəsində qalan adamam. Xəstəxanada Rasim Gözəlov əlilliyimi sistemə vurmaq üçün valideynimə əvvəl 500-600 manat pul gətir deyirdi, sonra da 1000 manat dedi. Hardadır mənim bu qədər pulum?", - Əsgərov bildirib.
TƏBİB isə bildirir ki, müayinə sənədləri və obyektiv müayinənin nəticələri vətəndaşın adına Forma 088-in rəsmiləşdirməyə imkan vermir.
"Vətəndaş 07.03.2024-cü il tarixdə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına HMK-nin iclasına dəvət edilib. Təqdim etdiyi müayinə sənədləri və obyektiv müayinənin nəticələri Forma 088-in rəsmiləşdirilməsinə əsas vermədiyindən göndərişin rəsmiləşdirilməsindən imtina edilib. Vətəndaşa daha öncə də 28.12.2023-cü il tarixdə iştirak etdiyi HMK-nin iclasında imtina aktı təqdim edilib", - sorğuya cavabda qeyd olunub.
Məsələ ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən olmadı.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox