TƏBİB cərahi xidmətlərlə bağlı yeni layihəyəyə başlayır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanın səhiyyə sistemində cərrahiyyə xidmətlərinə çıxışı artırmaq, tibbi xidmətlərin regionlarda keyfiyyətini yüksəltmək və paytaxta pasiyent axınının qarşısını almaq məqsədilə bir sıra yeni layihələrə start verib. Bu barədə məlumat qurumun rəhbər heyətinin iştirakı ilə keçirilən müşavirədə təqdim olunub.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov çıxışında qeyd edib ki, qurum “Qlobal cərrahiyyə 2030” proqramı çərçivəsində təhlükəsiz və əlçatan cərrahiyyə xidmətlərinin genişləndirilməsi istiqamətində fəaliyyətini intensivləşdirib.
O bildirib ki, proqram 2015-ci ildə Lancet Komissiyası tərəfindən ÜST, Dünya Bankı və BMT ilə əməkdaşlıqla təsis edilib və hazırda 30-dan çox ölkədən ekspertlərin iştirakı ilə həyata keçirilir.
“Azərbaycan üçün yol xəritəmizdə 2027-ci ilə qədər 44 cərrahi prosedura, 2028-ci ilə qədər isə regional xəstəxanalarda 90 prosedura çıxışın təmin olunması hədəflənir. 2030-cu ilədək isə klaster mərkəzlərdə yüksək ixtisaslı cərrahiyyə xidmətləri tam təmin edilməlidir,” – Nəsirov bildirib.
Bu məqsədlə təchizatın dayanıqlığının təmin edilməsi, xəstə axınının səmərəli təşkili, “Davamlı tibbi təhsil” proqramlarının keçirilməsi, rezident həkimlərin bölgələrə yönləndirilməsi və xaricdəki mütəxəssislərin inteqrasiyası nəzərdə tutulur.
Araz Nəsirov, həmçinin, “Mentor Klinika” layihəsinin başladığını elan edib. Layihə çərçivəsində Bakı, Sumqayıt və Abşeron bölgələrindəki nümunəvi xəstəxanalar, TƏBİB-in tabeliyində olan region xəstəxanalarına tibbi, inzibati və peşəkar dəstək göstərəcək. Pilot mərhələnin 1 il ərzində həyata keçirilməsi planlaşdırılır.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 