Məktəbəqədər təhsil müəssisələrində 660 vakant rəhbər və müəllim yeri mövcuddur -RƏSMİ

2025-ci il avqustun 22-də Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə növbəti işə qəbul müsabiqəsi keçiriləcək. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi İlahə Rəsulova məlumat verib.
Rəsulovanın sözlərinə görə, sənəd qəbulu 29 iyul – 4 avqust tarixlərində aparılacaq və hazırda ölkə üzrə 320 vakant tərbiyəçi-müəllim yeri mövcuddur.
2022 və 2023-cü illərdə keçirilmiş analoji müsabiqələr nəticəsində 850 nəfər ixtisaslı kadr işə qəbul olunub.
Müsabiqəyə təqdim olunan çərçivə sənədi 60 sualdan ibarətdir və məktəbəqədər təhsilin məzmunu, metodikası, psixoloji və pedaqoji aspektləri əhatə edir.
Namizədlər sənədlə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) rəsmi saytında tanış ola bilərlər.
Məktəbəqədər təhsil müəssisələrinin rəhbər heyətinin formalaşdırılması üzrə də müsabiqələr davam etdirilir. İndiyədək keçirilmiş iki müsabiqə nəticəsində 81 nəfər bağça müdiri vəzifəsinə təyin olunub.
Üçüncü müsabiqənin müsahibə mərhələsi yekunlaşıb, nəticələrin yaxın günlərdə elan ediləcəyi gözlənilir.
Hazırda 340 müdir vəzifəsi vakantdır.
Yeni təyin olunan müdirlər üçün 2 günlük adaptasiya proqramı təşkil olunur. Seminarlar liderlik, sənədlərlə iş, məzmun və kommunikasiya sahələrini əhatə edir.
Agentlikdən bildirilib ki, bu il ilk dəfə keçirilən metodist vəzifəsi üzrə müsahibədə 23 nəfər uğur qazanaraq fəaliyyətə başlayıb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 