• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar


Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
01.08.2025 12:50

 

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arif İmran oğlu Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar.

nekroloqun mətnində deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində vəfat etmişdir.

Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil almışdır.

Əmək fəaliyyətinə hələ tələbə ikən – 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olaraq başlayan Arif Babayev 1981-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim işləmiş, 1984-2000-ci illərdə indiki Bakı Musiqi Akademiyasında muğam ixtisası üzrə dərs demiş, 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasında professor və kafedra müdiri vəzifələrində çalışmışdır.

Qarabağ xanəndəlik məktəbinin parlaq simalarından olan Arif Babayev Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermişdir. O, sələflərinin sənət ənənələrini yaradıcılıqla davam etdirərək, özünəməxsus ifaçılıq dəst-xəti formalaşdırmış və bütün fəaliyyəti ərzində muğamın klassik ifa tərzinin qorunub saxlanmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Məlahətli və zəngin çalarlı səs tembrinə malik sənətkar milli muğam sənətinin vokal formasına yeni nəfəs gətirməklə dinləyicilərin məhəbbətini qazanmışdır.

Arif Babayevin yüksək məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Segah”, “Çahargah”, “Rast”, “Şur”, “Bayatı-Şiraz” və digər muğamlar milli muğam sənətinin qızıl fonduna daxil olaraq Azərbaycanın musiqi sərvətləri xəzinəsini daha da zənginləşdirmişdir. Xanəndənin xüsusi zövq və ustalıqla oxuduğu təsniflər və xalq mahnıları Azərbaycanın musiqi mədəniyyəti inciləri sırasında layiqli yer tutur. Arif Babayev uzun illər muğam operalarında əsas partiyaların ifaçısı kimi canlandırdığı yaddaqalan obrazlarla musiqi salnaməmizdə dərin iz qoymuşdur. Onun dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərində yaratdığı Məcnun obrazı opera tariximizdəki ən unudulmaz ifalardandır.

Arif Babayev dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərində və beynəlxalq musiqi festivallarında milli mədəniyyətimizi uğurla təmsil etmiş, çıxışları ilə musiqimizi müxtəlif xalqların nümayəndələrinə sevdirməyi bacarmışdır. Uzun müddət pedaqoji fəaliyyət göstərən ustad xanəndə keçdiyi həyat və sənət yolu ilə örnək olmuş, ifaçıların bir neçə nəslinin mənsub olduğu böyük məktəb yaratmışdır. Muğamla bağlı gerçəkləşdirilən layihə və proqramlarda yaxından iştirakı Arif Babayevin ölkədə muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində apardığı səmərəli işlərlə vəhdət təşkil edirdi.

Arif Babayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2008-ci ildə “İstiqlal” və 2018-ci ildə “Şərəf” ordenləri, 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 2025-ci ildə Heydər Əliyev Mükafatı ilə təltif edilmişdir.

Görkəmli xanəndə, mahir pedaqoq və səmimi insan Arif İmran oğlu Babayevin xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Emin Əmrullayev

Polad Bülbüloğlu

Zeynəb Xanlarova

Alim Qasımov

Səkinə İsmayılova

Mənsum İbrahimov".

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Biri var idi, biri yox idi” – Sivvadan NAĞIL KİMİ LAYİHƏ
Mədəniyyət 20:27
“Biri var idi, biri yox idi” – Sivvadan NAĞIL KİMİ LAYİHƏ
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
Mədəniyyət 10:09
“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
UVS Production debüt konsert proqramını təqdim edib
Mədəniyyət 13:56
UVS Production debüt konsert proqramını təqdim edib
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
Mədəniyyət 10:00
Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Mədəniyyət 08:33
“Bayır şəhər”in dəyəri və şəhəri zəbt edən “düşmənlər” haqqında - KÖŞƏ
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”
Mədəniyyət 13:13
Müsəllim Həsənov: “Dünyada mətbuatın funksiyası dəyişir”

Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Mədəniyyət 11:14
Naxçıvanda 50 abidənin pasportu hazırlanacaq
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
Mədəniyyət 13:34
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib

Rəqsanə ev dustaqlığına buraxılıb
Mədəniyyət 17:48
Rəqsanə ev dustaqlığına buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol