• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

XİN İlham Əliyevin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb

XİN İlham Əliyevin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
09.08.2025 10:20

Azərbaycan Xarici İşlər Nazirliyi Prezident İlham Əliyevin ABŞ-a 7–8 avqust 2025‑ci il tarixli səfərinin nəticələrinə dair məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə,səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin Prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb.

Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Səfər, həmçinin iki ölkə Prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.

Azərbaycan Respublikası Prezidentinin ABŞ-yə səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub.Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb.

Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.

Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb.

Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.

ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib addımdır.

Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənəd şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir.

Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol