• $ 1.7
  • € 1.9612
  • ₽ 0.020928
  • ₺ 0.0403
  • £ 2.23

Məktəbli avtobusları işə düşüb, qiymətlər müzakirə doğurub - TƏHLİL

Məktəbli avtobusları işə düşüb, qiymətlər müzakirə doğurub - TƏHLİL
01.10.2025 17:19

Oktyabrın 1-dən etibarən Bakıda məktəblilərin daşınması məqsədilə həyata keçirilən “2school” layihəsinin icrasına başlanılıb. Pilot mərhələdə layihə 8 dövlət və 3 özəl məktəb olmaqla ümumilikdə 11 təhsil müəssisəsini əhatə edir.

Layihə çərçivəsində şagirdlərin məktəbə və evə rahat və təhlükəsiz şəkildə daşınması nəzərdə tutulur. Daşıma xidməti aylıq abunəlik əsasında təşkil olunur və qiymətlər məsafəyə görə dəyişir. İlkin mərhələdə abunə haqqı 100 manatdan başlayır.

Anews.az-a müsahibəsində layihə rəhbəri Mustafa Hüseynov bildirib ki, "2school” məktəb nəqliyyatı layihəsi tıxacların azaldılması, valideynlər üçün rahatlıq və təhlükəsizlik baxımından alternativ nəqliyyat həlləri təklif edir. 

Məqsəd şəhər ətrafında maşınların sayını azaltmaqdır...

Hüseynovun sözlərinə görə, layihə hazırda əsasən şəhər mərkəzindəki məktəbləri əhatə edir və ilkin mərhələdə “bir rayon – bir məktəb” prinsipi ilə fəaliyyət göstərir. Gələcəkdə şəbəkənin genişləndirilməsi və daha çox məktəbi əhatə etməsi nəzərdə tutulur.

“Biz hesablamışıq ki, bir avtobus orta hesabla 13-14 minik avtomobilini əvəz edə bilər. Bu da şəhər nəqliyyatına təzyiqin azalması deməkdir”, –  Hüseynov bildirib.

Avtobuslarda dayə xidməti olacaq...

Hüseynov qeyd edib ki, avtobuslarda dayə xidməti olacaq və aşağı sinif şagirdlərinə nəzarət olunur. 

“Əksər marşrutlarda dayələr var, yalnız bəzi istisna hallar olur”, – o əlavə edib.

Layihə çərçivəsində şəhid və qazi ailələrinin övladları üçün ilboyu endirimlər tətbiq edilir. 

Hüseynov qeyd edib ki, xidmətin qiymətləri əvvəlcədən məlum olur və sonradan əlavə ödəniş tələb edilmir.

Daşıyıcı şirkətin fikrincə, qiymətlər baha deyil

Hüseynovunun sözlərinə görə, bu sadəcə məktəbli avtobusu deyil, qiymətə dayə xidməti, məktəblərin daxilində fəaliyyət göstərən kuratorlara verilən vəsait də daxildir  və bunlar da qiymətə təsir edən amillərdəndir.

"Məktəblərin əksəriyyəti pik saatlarda başlayır və pik saatlarda dərs bitir, biz özümüz dəfələrlə testlər aparmışıq və görmüşük ki, həmin vaxtlarda taksi qiymətləri real olaraq göstərilən məbləğlərdən daha yüksək olur. Xüsusilə də indi tətbiq etdiyimiz endirimli tariflər, hətta endirim olmayan dövrdə təqdim etdiyimiz qiymətlərdən belə daha sərfəlidir",  -  Hüseynov vurğulayıb.

Onun fikrincə,  xüsusi hallarda qiymətlərdə müəyyən fərqlər ola bilər.

"Amma qeyd etdiyim kimi, əlavə təqdim etdiyimiz dayə və kurator xidmətlərini də nəzərə alsaq, ümumi qiymətlərimiz taksi xərclərindən daha rəqabətqabiliyyətlidir",  -  o vurğulayıb.

"2school" proqramında göstərilən qiymət müştəriyə təqdim edilən yekun qiymətdir. Əlavə ödəniş nəzərdə tutulmur.

Şagird məktəbə gecikərsə onun məsuliyyətini "2school" daşıyacaq..

"Məktəblərdə hələ belə bir problem yaşamamışıq. Çünki məktəblər də bu layihəyə anlayışla yanaşırlar.  Daşıyıcı şirkətlər bizlə əməkdaşlıq göstərdikləri üçün biz məktəblə kontakt quracayıq.. Hesab edirik ki, avtobus xətti olandan sonra hər şey daha da düzələcək", - o əlavə edib.

Məktəbli avtobusların avtobus zolaqlarınan istifadə olunması üçün danışıqlar aparılır. 

“Biz Elm və Təhsil Nazirliyi və AYNA ilə danışıqlar aparırıq ki, layihə çərçivəsində avtobusların xüsusi hərəkət zolaqlarından istifadəsinə icazə verilsin. Bu, marşrutların daha operativ işləməsini təmin edəcək”, –  o vurğulayıb.

“2school” layihəsi SABAH studio-nun  startapıdır və hazırda pilot layihə kimi sınaqdan çıxarılır. "2school" həm dövlət, həm də özəl məktəblərlə əməkdaşlıq edir.

 

Qiymətlər valideynlər tərədindən birmənalı qarşılanmayıb

Layihənin icrasına başlandığı gündən etibarən bəzi valideynlər təqdim edilən qiymətlərin yüksək olduğunu bildiriblər. Onların sözlərinə görə, aylıq 240 manatlıq ödəniş təklif olunur ki, bu da taksi xərclərindən daha baha başa gəlir.

“Proqramı yüklədim, uşağım üçün hesablanan aylıq qiymət 240 manat göstərdi. Bu, ailə büdcəmiz üçün ağırdır. Taksi ilə uşağı daha ucuz qiymətə apara bilərəm”, –  valideyn anews.az-a bildirib.

Qiymətlər minimum əmək haqqının 60%-nə bərabərdir

İqtisadçı Rəşad Həsənovun fikrincə, bu cür xidmətlər sosial və logistika baxımından  vacibdir. Lakin təklif olunan qiymətlərin əhalinin alıcılıq qabiliyyətinə uyğunlaşdırılması da önəmlidir.

“10-15 km məsafəyə görə valideynlərdən iki tərəfli daşınma üçün 240 manat alınır. Bu, minimum əmək haqqının təxminən 60 faizinə bərabərdir. 40 nəfərlik avtobuslarda maya dəyəri daha aşağı 35-37 manat ətrafında olur. Balaca tutumlu (10-11 nəfərlik) avtobuslarda bir şagirdin daşınması üçün orta maya dəyəri təxmini 122-123 manata başa gəlir. Bir sürücünün bu prosesə cəlb edilməsi 1000 manata başa gələr. Bunun səmərəli təşkili üçün işlər aparılmalıdır. Qiymət siyasətində şəffaf tenderlər vacibdir ki, rəqabət formalaşsın və qiymətlər optimallaşsın”, – iqtisadçı bildirib.

Qiymətlər sosial  baxımdan ədalətli olmalıdır

Milli Məclisin Təhsil Komitəsinin üzvü Mehriban Vəliyeva qeyd edib ki, hazırda tətbiq edilən abunə haqları çoxuşaqlı və orta gəlirli ailələr üçün ağır maliyyə yükü yarada bilər.

“Aylıq abunə haqqı məsafədən asılı olaraq 180 manatdan 250 manata qədər dəyişir ki, bu da minimum əmək haqqının təxminən 60 faizinə bərabərdir. Xüsusilə çoxuşaqlı və orta gəlirli ailələr üçün bu, ciddi maliyyə yükü deməkdir. Beynəlxalq təcrübə göstərir ki, Avropanın əksər ölkələrində məktəbli avtobusları ya pulsuz, ya da dövlət tərəfindən subsidiyalaşdırılmış şəkildə – daha münasib qiymətlərlə təqdim olunur. Məqsəd yalnız nəqliyyat sıxlığını azaltmaq deyil, eyni zamanda təhsilin əlçatanlığını təmin etməkdir. Sosial ədalətin təmin olunması üçün dövlət tərəfindən qiymətlərin müəyyən hissəsinin subsidiya edilməsi, qazi və şəhid ailələrinə, aztəminatlı və çoxuşaqlı ailələrə daha geniş güzəştlərin tətbiqi, pilot mərhələnin nəticələri əsasında qiymət siyasətinə yenidən baxılması və ictimai müzakirələrdən sonra layihənin geniş miqyasda tətbiqi gərəklidir. Təhsil universal hüquqdur və uşaqların məktəbə gediş-gəlişi də universal əlçatanlıq prinsipi əsasında təşkil olunmalıdır. Əminəm ki, bu layihə uğurla tətbiq olunacaq və dövlətlə vətəndaşların maraqlarını balanslaşdıran yeni bir model formalaşacaq”, –  deputat bildirib.

Bəs yeni  layihə Bakıda tıxac problemini həll edəcəkmi?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Toğrul Nəsirli bildirib ki, “2school” layihəsi nəqliyyatın sıx olduğu məktəbətrafı ərazilərdə avtomobil yükünün azalmasına səbəb olacaq.

“Bu, eyni zamanda uşaqların təhlükəsizliyi baxımından da çox əhəmiyyətlidir. Şagirdlərin eyni nəqliyyat vasitəsi ilə daşınması həm nəzarəti, həm də intizamı artıracaq. Bu, təhsil müəssilərinin yerləşdiyi küçə və prospektlərində nəqliyyat sıxlığının azalmasına səbəb olacaq amildir.”, – Nəsirli qeyd edib.

Azərbaycana qonşu olan ölkələrdə bu sistem necə işləyir?

Şagirdlərin məktəb avtobuslarında daşınması məsələsi qonşu ölkələrdə kifayət qədər vahid standartla tənzimlənməyib, ölkədən-ölkəyə fərqliliklər mövcuddur. 

Məsələn Gürcüstanda avtobus xidməti olan özəl məktəblərdə illik ödəniş valideynlər tərəfindən həyata keçirilir: bir məktəb illik avtobus haqqını 1 100 ABŞ dolları ətrafında müəyyən edib. 

Ermənistanda isə ictimai nəqliyyatda şagirdlər üçün müəyyən güzəştlər mövcuddur — lakin bu, xüsusi məktəb avtobusu sistemindən ziyadə ümumi nəqliyyat sisteminə aiddir və nəqliyyatın tamamilə pulsuz olması və ya dövlət tərəfindən maliyyələşdirilməsi sistematik olaraq təsdiqlənməyib.

MDB ölkələrində də sistem Cənubi Qafqazdakı kimi oxşarlıq təşkil edir. Belə ki, burada olan ölkələrin bir qismində məktəbli avtobusları dövlət hesabına, bir qismi isə valideynlərin hesabına ödənilir. 

Nəticə olaraq isə qonşu ölkələrdə şagirdlərin məktəb avtobuslarında daşınması əsasən valideyn tərəfindən ödənilən xidmət kimi təşkil olunur. Dövlət tərəfindən tam olaraq maliyyələşdirilən sistem geniş yayılmayıb.

Layihə SABAH.HUB-un təşəbbüsüdür

“2school” layihəsi SABAH.HUB innovasiya mərkəzi tərəfindən hazırlanıb. Layihənin həmtəsisçisi Orxan Abbasov mərkəzin idarə heyətinin üzvüdür. 

Gülnar Nazimqızı 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda hərbi parad başa çatıb - Yenilənib
Cəmiyyət 15:14
Bakıda hərbi parad başa çatıb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 13:58
Xəzər dənizində zəlzələ olub
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:16
Sabahın hava proqnozu açıqlanıb
Biləsuvarda avtomobillər toqquşub, xəsarət alanlar var
Cəmiyyət 10:40
Biləsuvarda avtomobillər toqquşub, xəsarət alanlar var
Fəzail Ağamalının oğlu partiyadan çıxarılıb
Cəmiyyət 22:00
Fəzail Ağamalının oğlu partiyadan çıxarılıb
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək
Cəmiyyət 21:39
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək
Qaradağda erkən nikahın qarşısı alınıb
Cəmiyyət 18:50
Qaradağda erkən nikahın qarşısı alınıb
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə olunub
Cəmiyyət 18:12
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə olunub
Bakı metrosu Zəfər Günündə gücləndirilmiş rejimdə çalışacaq
Cəmiyyət 18:05
Bakı metrosu Zəfər Günündə gücləndirilmiş rejimdə çalışacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol