“Mortal Kombat” filmindəki Şanq Tsu obrazı ilə tanınan aktyor, 75 yaşında vəfat edib
Yapon əsilli amerikalı aktyor Kerri-Hiroyuki Taqava cümə axşamı səhər saatlarında Kaliforniyanın Santa-Barbara şəhərində insultun ağırlaşması nəticəsində 75 yaşında vəfat edib. Ailəsinin məlumatına görə, aktyor vəfat edərkən övladlarının yanında olub.
Taqava ən çox 1995-ci ildə ekranlaşdırılan “Mortal Kombat” filmindəki əsas antagonist – sehrbaz Şanq Tsu obrazı ilə geniş tanınıb. Onun kino karyerası Bernardo Bertoluççinin 9 Oskar mükafatı qazanan “Son İmperator” (1987) filmi ilə başlamışdı.
Sonrakı illərdə o, Asiya və Qərb mədəniyyətlərinin kəsişməsini əks etdirən bir çox böyük büdcəli layihələrdə rol alıb. Onlara “Pearl Harbor”, “Planet of the Apes”, “Memoirs of a Geisha”, “47 Ronin” kimi filmlər daxildir. Taqava ekran obrazlarında tez-tez döyüş sənəti elementlərindən istifadə etməsi ilə seçilirdi.
Aktyor həm Hollivudda, həm də Asiya istehsalı olan filmlərdə fəaliyyət göstərərək 40 ildən çox davam edən karyerası ərzində onlarla film və serialda çəkilib.
Aytac