“Kəpəz”in futbolçusu Veysəl Rzayev Gəncədə bıçaqlanıb
“Kəpəz” futbol klubunun yarımmüdafiəçisi Veysəl Rzayev Gəncədə bıçaqlanıb və xəstəxanaya yerləşdirilib.
Klubun Apasport.az-a verdiyi məlumata görə, 2002-ci il təvəllüdlü futbolçu hücuma məruz qaldıqdan sonra hospitalizasiya olunub. Hadisənin başvermə səbəbi açıqlanmayıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının məlumatına əsasən, Rzayev fevralın 3-də saat 05:10 radələrində Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə çatdırılıb. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu qoyulub. Hazırda futbolçunun müalicəsi Cərrahiyyə şöbəsində davam edir, vəziyyəti orta-ağır qiymətləndirilir.
Daxili İşlər Nazirliyinin regional qrupundan bildirilib ki, faktla bağlı polis tərəfindən araşdırma aparılır. Hücumu törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.