"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Çoxları “Sonsuz dəhliz” sənədli filmini görüb - bu, Xocalı faciəsi haqqında jurnalist araşdırmasıdır. Filmə baxanlar elə bilir ki, bu filmi prodüser Andryus Brokasın rəhbərliyi ilə litvalılar çəkib. Amma əslində heç də belə deyil.
Filmin ssenarisini başqaları yazıb, həmin adamlar həm də rejissorluq və prodüserlik işinin 80% görüb.
Hər şey barədə mərhələ-mərhələ
2010-cu ildə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında sənədli film çəkmək qərara alındı. Şərt belə idi: film xarici mütəxəssislər tərəfindən çəkilməliydi ki, erməni tərəfi azərbaycanlıların iştirakına görə qeyri-obyektivlik iddiası irəli sürə bilməsin.
Ssenarinin yazılması gənc kinorejissor Teymur Hacıyevə tapşırıldı. Bundan sonra çəkiliş qrupunun axtarışına başlanıldı. Əvvəlcə britaniyalılar, sonra hollandiyalılar dəvət olundu, lakin onlar mövzunun “öhdəsindən gələ" bilmədilər. Litvalılar üçüncü seçim oldu, amma bu tapşırıq onlar üçün də çətin idi (Xocalının xəritədə harada olduğunu, ermənilərlə azərbaycanlıların harada yaşadıqlarını belə bilmirdilər).
Buna baxmayaraq, Azərbaycan tərəfi yerli müəlliflərin dəstəyi ilə litvalılarla işləməyə qərar verdi.
Birinci cəhd - sıfır
Litvalıların bir il sonra təqdim etdiyi ilk material sifarişçi tərəfindən rədd edildi. Səbəb tapşırığın tamamilə yanlış başa düşülməsi idi. Qərara alındı ki, rejissor kənarlaşdırılsın, ssenari yenidən işlənilsin və yeni komanda formalaşdırılsın. Litvalılardan yalnız prodüser Brokas qaldı.
Bundan sonra filmin faktiki rejissorluğunu bu sətirlərin müəllifi və Teymur Hacıyevin timsalında “Bakı komandası” öz üzərinə götürdü.
Filmin çəkilişinə ikinci zərbə 2011-ci ilin martında vuruldu. Litvalıları Yerevan hava limanında saxlayaraq Ermənistandan deportasiya etdilər. Səbəb onların Azərbaycana işləməkdə şübhəli bilinməsi idi. Xocalıda çəkilişlər və erməni “qəhrəmanlar” ilə müsahibələr baş tutmadı, layihə baglanmaq həddinə çatdı.
İkinci cəhd
Vəziyyəti “Bakı komandası”nın sayəsində düzəltmək mümkün oldu. Çəkilişlər faktiki olaraq yenidən başladı. Ssenarinin 80%-i dəyişdirildi, yeni qəhrəmanlar, arxivlər, şahidlər və sənədlər əlavə edildi.
Məqsəd Xocalı qırğınında əli olduqlarını inkar edən ermənilərin istifadə etdikləri üç tezisi təkzib etmək idi:
1) Qətliam guya ermənilərin nəzarətində olmayan ərazidə baş verib;
2) Xocalı sakinlərinə dəhliz verilib və onlar şəhəri təhlükəsiz şəkildə tərk ediblər;
3) Rusiyanın 366-cı motoatıcı alayı əməliyyatda iştirak etməyib.
Bu tezisləri ancaq inkaredilməz faktlarla, üstəlik erməni mənbələri ilə təkzib etmək mümkün idi. Eyni zamanda faciənin sağ qalmış şahidlərini tapmaq lazım idi.
Filmin əsas qəhrəmanı - Valeh Hüseynov daha öncədən tapılmışdı.
İkinci qəhrəman Mehriban Bəkirova və rusiyalı jurnalist Viktoriya İvleva bu sətirlərin müəllifinin şəxsi səyləri nəticəsində tapıldı.
Biz Viktoriya ilə Almaniyada jurnalist tədbirində tanış olduq. O mənə danışdı ki, 25-27 fevralda Xocalıda olan yeganə jurnalist olub və hücumun hazırlanmasından xəbəri vardı. İvleva erməni hərbçilər ilə birlikdə Xocalıya daxil olmuşdu və hadisələri “Moskovskiye novosti” qəzetinin 15 mart 1992-ci il sayında qismən təsvir etmişdi. (Onun 26-27 fevral tarixlərində çəkdiyi çoxsaylı fotoşəkillərin bir qismi indiyədək dərc olunmayıb.)
Viktoriya ilə şəxsi tanışlıq müəllifə erməni əsirliyində olmuş Mehribanı tapmağa imkan verdi. İvlevanın vaxtilə ona kömək etməsi, onların 20 ildən sonraki görüşü filmin emosional zirvəsinə çevrildi.
Digər mühüm məqam erməni sülhməramlı Georgi Vanyanın verdiyi müsahibə idi. O, Xocalıdakı cinayətləri törədən erməni hərbiçilərinin cəzalandırılmasının vacibliyini bildirdi. Həmin çəkiliş Tbilisidə bu sətirlərim müəllifi tərəfindən aparıldı və orada litvalılar yox idi.
Arxivlər və Ermənistanda çəkilişlər
26 fevral 1992-ci il hadisələrilə bağlı faktlar filmdə üç hərbi operatorumuz tərəfindən aparılan çəkilişlərlə təsdiqlənir. Seyidağa Mövsümlünün, Ağası Hunun və Bahadır İmanquliyevin arxiv videoları hadisələrin tam mənzərəsini yaradıb. Bütün bu materiallar “Bakı komandası”nın şəxsi əlaqələri sayəsində toplanıb.
Litvalılar Yerevana buraxılmadıqdan sonra Ermənistanda çəkilişlər məsələsini həll etmək lazım idi. Erməni “qəhrəmanlar”ın siyahısı, onlara verilən suallar da “Bakı komandası” tərəfindən hazırlanmışdı, çəkilişləri isə gürcü həmkarlarımız həyata keçirdi.
Separatistlərin ideoloqu Melik-Şahnazaryanın qətliamın Ağdam ərazisində baş verməsi barədə iddiaları Mövsümlünün Əsgəran qalası fonunda çəkdiyi kadrlarla təkzib edildi. O, ermənilərin nəzarətində olan ərazidə xocalılarin cəsədlərini çəkə bilmişdi. Ağası Hunun cəkilisi isə Əsgəran rayonunu tərk etmək istərkən xocalılarin güllələnməsini və əsir göturulməsini əks etdirir.
Rusiyanin 366-cı alayının iştirakı da mühüm movzudur. Əməliyyata rəhbərlik edən Arkadi Ter-Tadevosyan rusların orada olmadığını bildirirdi. Lakin onun ozünün tərtib etdiyi və filmdə numayis etdirdiyi hərbi xəritəsi bunu təkzib edir. Belə ki, xəritədə hücum istiqamətləri və hər istiqamətə kimin rəhbərlik etdiyi gostərilib. Xankəndi (Stepanakert) tərəfdən əsas istiqamətdə komandir "Jenya, 2 BMP” adlandırılıb. Lakin əməliyyat istirakcılarının arasinda bu adda adam yox idi (onların adları Melik- Sahnazaryanin erməni ordusunun şanlı qələbəsi adlı məqaləsində göstərilib). “Jenya” 366-cı alayın 3-cü batalyonunun komandiri Yevgeni Nabokix idi. Xocalının işğalında onun BMP-si iştirak etmişdi. Onun adı alay komandiri Yevgeni Zarviqorovla birlikdə Azərbaycan Baş Prokurorluğunun hərbi cinayətkarlar siyahısındadır.
Xocalı sakinlərinin qətlə yetirilməsinin Ermənistanın nəzarətində olan ərazidə baş verdiyinə dair əsas sübutlar Seyidağa Mövsümlünün çəkilişləri oldu. O, Əsgəran qalası fonunda Xocalı qurbanlarının cəsədlərini, eləcə də Vitali Balasanyanın komandanlıq etdiyi erməni silahlı dəstələrinin nəzarəti altında cəsədlərin toplanmasını və aparılmasını lentə almışdı. Bu kadrlar kütləvi qətllərin ermənilərin nəzarətində olan ərazidə törədildiyini qəti şəkildə sübut edir.
Bütün bu materiallar “Bakı komandası” tərəfindən toplanıb sistemləşdirilmişdi və litvalıların bundan ümumiyyətlə xəbəri yox idi.
Texniki məsələ
Xocalı sakini Valeh Hüseynovun faciəsi filmin son mərhələsini təşkil edir. Bu hissədə Seyidağa Mövsümlünün çəkdiyi bənzərsiz kadrlar xüsusilə dəyərlidir. Əsgərlər Valehin qətlə yetirilmiş həyat yoldaşının cəsədini aparırlar.
Axıra texniki işlər qalırdı - bütün bu süjetləri vahid xətdə birləşdirmək lazım idi. Bu məqsədlə litvalı Riçardas Lapaytis ilə əlaqə yaradıldı. Filmdə bir çox məqam onun adından qələmə verilir ki, bu da tamamilə belə deyil. Ədalət naminə etiraf etmək lazımdır ki, litvalılar texniki tərəfi - operator işi, səs, montaj, quruluş səhnələri və postprodakşnı - peşəkarlıqla yerinə yetirmişdilər. Lakin burada amerikalı prodüser Cerald Rafşunun (Gerald Rafshoon) da böyük əməyi oldu.
Belə bir layihənin həyata keçirilməsi ciddi maliyyə dəstəyi olmadan mümkün deyildi. Maliyyə mənbəyi də Azərbaycan idi.
Bu filmin çəkilməsinə məsul olan dövlət məmuru yuxarıda göstərilənləri təsdiq edə bilər. O, indi də yüksək vəzifədə çalışır.
Filmin ingilis dilli versiyası beynəlxalq festivallarda qalib gələndən sonra, Rus və Azərbaycan versiyaları məsələsi ortaya çıxdı. Burada da litvalılar bizsiz keçinə bilmədilər. Mərhum Rüstəm İbrahimbəyov Moskvada Rus dilində dublyajın təşkilinə kömək etdi.
"Bakı komandası" isə mətnlərin tərcüməsini və aktyorları seçib dublyajı Azərbaycan dilində təşkil etdi.
Bütün bunlar niyə indi açıqlanır?
Bu filmin azərbaycanlı müəlliflərinin adlarının indiyədək cəkilməməsinin səbəbləri 2023-cü ilin sentyabrından sonra aradan qalxıb - Qarabağ və Xocalı azad edilib, münaqişə başa çatıb və film öz ideoloji missiyasını yerinə yetirib. Xarici tamaşaçılar Xocalı faciəsinə obyektiv qiymət vermək imkanı əldə ediblər.
Artıq bu layihənin reallaşmasına töhfə verənlərin adlarını çəkməyin vaxtıdır. “Sonsuz dəhliz” filminin titrlərində ssenari müəllifinin adı yoxdur. Halbuki, orada iki ad olmalıdır: Şahin və Teymur Hacıyevlər. Bu adlar filmin rejissoru və prodüseri ilə yanaşı yer almalıdır.
Həmçinin operatorlar da haqsız olaraq unudulub: Seyidağa Mövsümlü, Ağası Hun və Bahadır İmanquliyev. Onların unikal arxiv kadrları faciənin təsvirində həlledici rol oynayıb. Filmdə istifadə olunan sənədlər, xəritələr və faktlar Turan agentliyinin arxivlərinə məxsusdur.
Qeyd etmək lazımdır ki, filmin titrlərində Şahin Hacıyev məsləhətçi kimi göstərilib. Bu yalnız bizim təkidlərimizdən sonra edildi, lakin Teymurun adı ümumiyətlə göstərilməyib.
Təəssüf ki, Azərbaycan rəhbərliyi Qarabağ faciəsi haqqında ən dəyərli filmin ərsəyə gətirilməsində və “Xocalıya ədalət” kampaniyasının uğurunda öz vətəndaşlarının rolunu layiqincə qiymətləndirmədi.
Film beynəlxalq festivallarda bir neçə mükafat aldı və Xocalı faciəsi ilə bağlı beynəlxalq ictimai rəyin formalaşmasında mühüm rol oynadı.
Belə təəssürat yarana bilər ki, bu yazının səbəbi müəllifin xidmətlərinin qiymətləndirilməməsinə ğörə yaranmış inciklik hissi və görülən işlərin çoxunun faktiki olaraq pulsuz həyata keçirilməsidir. Amma bu qətiyyən belə deyil. Bütün bu işlər ölkəsinə olan sevgi hissindən irəli gəlir.
Şahin Haciyev
Turan agentliyinin redaktoru
P.S. Son günlər bəzi "jurnalistlər" qəfildən Turan agentliyini tənqid etməyə başlayıblar. Bu məqalə həm də bеlə məlumatları yayanlara peşəkar jurnalitikanın necə olması barədə cavabdır.
Son xəbərlər
Daha çox