Yoqa, karate, tennis - İdman edən və etməyən deputatlar
Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşündə sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin artırılması ilə bağlı çağırışlar səsləndirilib. Görüşdə idmanın insan sağlamlığı üçün vacibliyi xüsusi vurğulanıb.
Bu çağırışların fonunda anews.az deputatlar arasında kiçik sorğu aparılıb.
Sonuncu dəfə nə vaxt idman etmisiniz? sualına deputatların fərqli fikirləri olub.
Milli Məclisin deputatı Naqif Həmzəyev sağlam həyat tərzinə xüsusi diqqət yetirdiyini bildirib.
Onun sözlərinə görə, hər gün səhər 1 saat yoga və meditasiya edir, həftədə üç dəfə fitneslə məşğul olur və həftədə bir dəfə açıq havada yürüş edir. Deputat qeyd edib ki, idmanla yanaşı düzgün qidalanma da vacibdir.
Deputat Pərvanə Vəliyeva isə hər gün təxminən bir saat idmana vaxt ayırdığını deyir.
Onun sözlərinə görə, fiziki aktivlik insanın həm sağlamlığına, həm də motivasiyasına müsbət təsir göstərir və məhsuldarlığı artırır.
Bəzi deputatlar isə idmana vaxt ayırmağın çətin olduğunu bildirirlər. Vasif Qafarov əvvəllər üzgüçülüklə məşğul olduğunu, hazırda isə yalnız gündə 1–2 saat piyada gəzməyə vaxt ayıra bildiyini deyib.
Elnarə Akimova idman salonlarına getməyə vaxt tapmadığını, lakin həftəsonları ev şəraitində gimnastika hərəkətləri etdiyini bildirib.
Deputat Könül Nurullayeva əvvəllər uzun müddət üzgüçülük və tennis ilə məşğul olduğunu, hazırda isə hər gün səhər yürüş etdiyini və ay ərzində idmana təxminən 28–30 saat vaxt ayıra bildiyini qeyd edib.
Azər Badamov isə peşəkar idmanla məşğul olmadığını, lakin gündəlik gəzinti və bədən hərəkətləri etdiyini bildirib. O əlavə edib ki, boş vaxt tapdıqda üzgüçülük və xizək sürməyə də üstünlük verir.
Deputat Arzuxan Əlizadə səhər fiziki məşqlər etdiyini, imkan daxilində üzgüçülüyə getdiyini və axşamlar təmiz havada gəzməyə vaxt ayırdığını bildirib.
Bəzi deputatlar kollektiv idmanın təşviq edilməsinin vacibliyini də vurğulayır. Elçin Mirzəbəyli uzun illərdir yürüşün gündəlik həyatının bir hissəsi olduğunu bildirərək əlavə edir.
“Vaxtilə Milli Məclisin futbol komandası var idi və turnirlər keçirilirdi. Yaxşı olardı ki, bu ənənə bərpa olunsun. Kollektiv idman motivasiya verir və cəmiyyət üçün də nümunə yaradır", - o əlavə edib.
Milli Məclisin deputatı Elman Nəsirov isə fiziki aktivliyin gündəlik həyatının vacib hissəsi olduğunu vurğulayaraq bildirib.
“Hər gün axşam 7-8 km piyada gəzirəm. Əvvəllər trinajora getmişəm. Hazırda evdə də alətlər var istifadə edirəm. Çalışıram formada olum. Bir müddət idman etməyəndə iş qabiliyyətimə mənfi təsir edir", - o bildiib.
Deputat Cavanşir Paşayev isə hərəkətli həyat tərzinin onun peşə fəaliyyəti ilə də bağlı olduğunu deyib:
“Mənim işim belə olub ki, hərəkətli işdə olmuşam. Hansı vəzifədə olmuşamsa hərəkətdə olmuşam. Yaşımın elə dövrüdür ki, deməzdim ki, böyük idman növləri ilə məşğul oluram. Gündə ən azı 2 saata yaxın gəzirəm. Üzgücülüklə məşğul oluram. Bu bizim sağlamlığımız üçün çox faydalıdır", - o əlavə edib.
Digər deputatlar da fiziki aktivliyə vaxt ayırdıqlarını bildiriblər. Müşfiq Cəfərov üzgüçülük və fitneslə məşğul olduğunu, Günay Ağamalı isə imkan daxilində yürüş və idmana vaxt ayırdığını qeyd edib.
Uzun illər karate və kikboksinq ilə məşğul olan Göydəniz Qəhrəmanov hazırda həftədə 2–3 dəfə fiziki formasını qorumaq üçün idman etdiyini bildirib.
Sorğunun nəticələri göstərir ki, deputatların bir qismi müntəzəm idman edir, digərləri isə ən azı gündəlik gəzinti ilə fiziki aktivliyi qorumağa çalışır.
Mütəxəssislər bildirirlər ki, fiziki passivlik qlobal səviyyədə ciddi sağlamlıq problemlərinə səbəb olur. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 1 milyarddan çox insan piylənmədən əziyyət çəkir.
Statistikaya əsasən, təxminən 650 milyon böyüklər, 340 milyon uşaq və yeniyetmə artıq çəki və piylənmə problemi yaşayır.
Son 30 ildə piylənmə səviyyəsi üç dəfədən çox artıb. Mütəxəssislər hesab edir ki, bu tendensiyanın qarşısını almaq üçün müntəzəm idman, düzgün qidalanma və aktiv həyat tərzi əsas rol oynayır.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox