Saxta sənədlərlə “süni möhlət” biznesi milli təhlükəsizliy təhdid edir - ekspert
Xaricdə təhsil alan tələbələrin hərbi xidmətdən möhlət hüququ əldə etməsi qanunvericiliklə tənzimlənir. Tələbə ilk olaraq təhsil aldığı universitetdən rəsmi arayış almalı, bu sənəd təhsil ölkəsində leqallaşdırılmalı, daha sonra isə Azərbaycanın notariat orqanlarında təsdiq edilməlidir. Yalnız bundan sonra tələbənin sənədləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən qəbul edilir və möhlət hüququ rəsmiləşdirilir. Bunu “Ege Group Xaricdə Təhsil və Karyera Mərkəzi”nin təsisçisi, təhsil eksperti Mikayıl Mirzəzadə Anews.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, son aylarda sosial mediada, eləcə də bəzi qapalı qruplarda “süni möhlət” kimi elanların artması ictimai narahatlığı yüksəldib: “Bu cür qeyri-leqal xidmətlər həm dövlətin çağırış sisteminə, həm də xaricdə təhsil sektorunun nüfuzuna zərbə vurur. Problem ondadır ki, bəzi işbazlar tələbələri real universitetlərə qəbul etdirmək, onların təhsil prosesinə dəstək olmaq əvəzinə, saxta yollarla sənəd dövriyyəsi yaradırlar. Nüfuzlu universitetlərin web-saytlarına oxşar saytlar yaradılır və təlqin yolu ilə tələbələr və valideynlər aldadılır. Tələbə faktiki olaraq xaricdə təhsil almır, lakin onun adından guya universitetdə oxuyurmuş kimi sənədlər hazırlanır. Bunu həyata keçirmək üçün bəzən mövcud olmayan universitetlərin saxta saytları düzəldilir, fəaliyyət göstərməyən qurumlar adına möhür və blanklar hazırlanır. Bu, açıq şəkildə qanunsuzluq və manipulyasiyadır”.
Ekspert vurğulayıb ki, xaricdə təhsil sektorunda illərdir fəaliyyət göstərən, tələbələrin universitetə yerləşdirilməsi, sənədləşmə, viza dəstəyi, karyera bələdçiliyi kimi A-dan Z-yə bütün prosesləri həyata keçirən obyektiv və legitim şirkətlərin imicinə də bu maxinasiyalar ciddi ziyan vurur: “Bir neçə dələduzun qısamüddətli qazanc üçün yaratdığı xaos bütöv bir sektorun cəmiyyət qarşısındakı etibarını riskə atır. Xarici ölkədən alınmış sənədlərin Azərbaycanda notarius tərəfindən təsdiq olunması üçün həmin sənədlər mütləq qaydada təhsil ölkəsində leqallaşdırılmalıdır. Bu mərhələ keçilməmiş, sənədin mənşəyi müəyyən edilməmiş halda onu Azərbaycanda təsdiqlətmək mümkün deyil. Bu proseduru pozaraq saxta sənəd hazırlamaq həm dövlət qurumlarını aldatmaq, həm də tələbənin gələcək həyatına hüquqi fəsadlar gətirə bilən ciddi cinayət əməlidir”.
Onun sözlərinə görə, saxta sənədlərlə möhlət hüququ almağa cəhd etmək faktiki olaraq dövləti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aldatmaq deməkdir: “Bu isə açıq formada sui-istifadə, dələduzluq və fırıldaqçılıqdır. Belə halların artması yalnız ayrı-ayrı gənclərin hüquqi təhlükəsizliyinə yox, həm də milli təhlükəsizliyə təhdid yaradır. Bundan əlavə, bu cür qanunsuzluqlar xaricdə təhsil sektorunun uzun illər ərzində formalaşdırdığı etibarı sarsıdır və həm tələbələrə, həm də peşəkar şirkətlərə ziyan vurur” - müsahibimiz söyləyir.
Əlavə edir ki, “bu sahədə dövlət nəzarətinin gücləndirilməsi, saxta sənəd xəttlərinin aşkarlanması və məsul şəxslərin ciddi cəzalandırılması həm tələbələrin maraqlarının qorunması, həm də sektorun sağlam şəkildə inkişafı üçün vacibdir. Xaricdə təhsil bir gələcək investisiyasıdır, bu investisiyanın saxta sənədlərlə ləkələnməsi isə həm cəmiyyətə, həm dövlətə ciddi zərər vurur” - Mirzəzadə bildirib.