DİM: Buraxılış imtahanlarının çətinliyi iştirakçının hazırlıq səviyyəsindən asılıdır
Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da keçirilən buraxılış imtahanlarının çətinliyi ilə bağlı sosial mediada müzakirələrə münasibət bildirib.
DİM açıqlayıb ki, imtahanların məzmunu mövcud təhsil proqramı, dərsliklər və buraxılış imtahanı proqramları əsasında hazırlanır. Tapşırıqlar asan, orta və çətin səviyyəli bloklardan ibarət olduğundan, bütün hazırlıq səviyyələrinə malik iştirakçılar bir-birindən fərqləndirilə bilir.
Mərkəz vurğulayıb ki, imtahanın mürəkkəbliyi nisbi anlayışdır və iştirakçının hazırlıq səviyyəsindən asılıdır. Sosial mediada qeyd olunan “çətinlik” şikayətlərinin əksəriyyəti zəif hazırlıqlı abituriyentlər tərəfindən səsləndirilir və illərdir təkrarlanır.
DİM həmçinin xatırladıb ki, imtahandan dərhal sonra bütün test tapşırıqları və izahları Mərkəzin saytında və sosial şəbəkə hesablarında yayımlanır, iştirakçılar və valideynlər tapşırıqlarla tanış ola bilər. Nəticələr elan olunduqdan sonra isə bilik səviyyəsinə uyğun yekun sıralama ictimaiyyətə təqdim edilir.
Müəllimlər və şagirdlər bu ilki imtahanın əvvəlki illərlə müqayisədə çətin olduğunu, xüsusilə Azərbaycan dili və riyaziyyat suallarının mürəkkəbliyi səbəbindən vaxt çatışmazlığı yaşandığını bildirirlər.