Deputat: Süni intellekt xidmətləri sadə fermerlərə kifayət qədər çatmır
Kənd Təsərrüfatı Nazirliyinin gördüyü işlərə baxmayaraq, ölkədə sistemli və uzunmüddətli planlaşdırma hələ tam formalaşmayıb. Bunu deputat Razi Nurullayev bildirib.
Onun sözlərinə görə, bu gün minlərlə hektar torpaq ya ümumiyyətlə əkilmir, ya da heç bir aqrar strategiyaya uyğun olmadan əkilir.
Nurullayev vurğulayıb ki, fermerlər hansı məhsulun ölkə üçün daha çox vacib olduğunu düşünə bilmir və çox vaxt bazar qiymətlərinə əsaslanaraq əkin aparır.
“Nəticədə bir il kartof çox olur, qiymət düşür və fermer ziyana düşür. Digər il isə kartof az olur və bazar idxaldan asılı vəziyyətə gəlir. Beləliklə, biz planlı istehsal yox, təsadüfi istehsal modeli ilə qarşılaşırıq", - o bildirib.
Deputat qeyd edib ki, təqdimatda 30 modul üzrə süni intellekt əsaslı xidmətlərin tətbiqi nəzərdə tutulur və bu rəqəmsal transformasiya təqdirəlayiqdir. Lakin o sual qaldırıb: bu xidmətlər yüz minlərlə sadə fermerə çatırmı, yoxsa əsasən iri aqroparklar və böyük təsərrüfatlar bundan istifadə edir?
Nurullayev bildirib ki, bölgələrdə müşahidələr göstərir ki, sadə fermerlərin bu xidmətlərə çıxışı çox zəifdir və ya demək olar ki, yoxdur.
“Təqdimatlar, xidmətlər rəngli şəkildə göstərilir, kabinetlərdə və təqdimat zallarında hər şey gözəl görünür, amma bu rənglər və gözəlliklər kənddə yaşayan sadə fermerə çata bilmir. O, bu təqdimatda göstərilən xidmətlərdən ay və ulduz qədər məsafəlidir", o vurğulayıb.
Deputat əlavə edib ki, bu məsələyə aydın cavabın verilməsi vacibdir.
Gülnar Nazimqızı