Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimə tətbiq olunacaq
Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimə tətbiq olunacaq.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 189-4-cü və 189-5-ci maddələrdə əksini tapıb.
Beləliklə, təklif edilən 189-4-cü maddəyə əsasən, uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək.
Təklif olunan 189-5-ci maddəyə görə, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə olunacaq.