Azərbaycanda 2025-ci ildə 2 176 elmi-tədqiqat işi aparılıb
Azərbaycanda 2025-ci ildə elmi müəssisələrdə 226 elmi problem və 706 mövzu üzrə ümumilikdə 2 176 elmi-tədqiqat işi aparılıb. Bu barədə Nazirlər Kabinetinin illik hesabatında qeyd olunub.
İl ərzində elmi tədqiqatların nəticəsi olaraq 125 iş tətbiq olunub. Həmçinin müxtəlif elmi layihələr üçün 67 qrant əldə edilib ki, onların 23-ü xarici qrantlardır.
Hesabat dövründə alimlər tərəfindən 104 patent alınıb. Bu patentlərin 26-sı xarici ölkələrdə qeydiyyata alınıb.
Elmi müəssisələrdə çalışan tədqiqatçılar 2025-ci ildə 686 kitab və monoqrafiya nəşr etdiriblər.
Bundan əlavə, alimlər tərəfindən 12,8 min elmi məqalə və tezis dərc olunub. Bu məqalələrin bir hissəsi Web of Science və Scopus kimi beynəlxalq elmi bazalara daxil olan impakt faktorlu jurnallarda yayımlanıb.
Hesabata görə, Azərbaycan alimlərinin elmi işlərinə ümumilikdə təxminən 67 min istinad qeydə alınıb.
Gülnar Nazimqızı