Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə xalqa təbrik ünvanlayıb.
Dövlət başçısı müraciətində bildirib ki, mənəvi-əxlaqi kamilliyi və nəcib niyyətləri təcəssüm etdirən müqəddəs Ramazan ayı insanların ruhunu saflaşdırır, onları xeyirxah əməllərə sövq edir. Qeyd olunub ki, bu ay ərzində müsəlmanlar vicdani borclarını yerinə yetirmək, yardımlaşma, şəfqət və mərhəmət kimi dəyərləri yaşatmaq imkanı qazanırlar.
Prezident vurğulayıb ki, Azərbaycan tarixən müxtəlif etiqad və inancların dinc yanaşı mövcud olduğu nadir məkanlardan biridir. İslam dininin sülh, humanizm və qardaşlıq çağırışlarının cəmiyyətdə tolerantlıq mühitinin formalaşmasında mühüm rol oynadığı qeyd edilib.
Müraciətdə Ramazan ayının xalq arasında birlik və həmrəyliyi daha da möhkəmləndirdiyi, xeyirxahlıq və savab əməllərin təntənəsinə çevrildiyi bildirilib. Dövlət başçısı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsini ehtiramla yad edib.
Prezident sonda Azərbaycan xalqına və xaricdə yaşayan soydaşlara səadət, bol ruzi və bərəkət arzulayıb, duaların qəbul olunmasını diləyib.