Nazim Bəydəmirlinin həyat yoldaşı Prezidentə müraciət edib
Nazim Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli Azərbaycan Prezidenti İlham Əliyev-ə müraciət edərək həyat yoldaşının səhhəti və hüquqi vəziyyəti ilə bağlı yardım istəyib.
Müraciətdə qeyd olunur ki, təxminən üç ildir həbsdə olan Nazim Bəydəmirlinin səhhəti son günlərdə pisləşib və o, Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib. Ailə üzvləri onun daha geniş imkanlara malik xəstəxanada müalicə olunmasına ehtiyac olduğunu bildirir.
Fəridə Bəydəmirli həmçinin həyat yoldaşı ilə bağlı məhkəmə prosesləri və mülki mübahisələr fonunda təzyiqlərə məruz qaldıqlarını iddia edir.
Müraciətdə Prezidentdən Nazim Bəydəmirlinin ev dustaqlığına buraxılması üçün göstəriş verilməsi xahiş olunur.
Bəydəmirli 2024-cü ilin sentyabrında 8 il müddətinə həbs edilib.
O, 2024-cü ilin fevralında barəsində elan edilən cinayət işinə xitam verilməsi üçün prezidentə müraciət edib. Nazim Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur. İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu müddət daha sonra 3 ay uzadılıb.
Nazim Bəydəmirli və müdafiəçiləri onun həbsini Gədəbəyin Söyüdlü kəndində baş vermiş olaylarla bağlayır. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarına görə, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edib, ondan 50 min manat pul istəyib
Aytac Zeynalova