Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: 16 nəfər saxlanılıb
Türkiyədə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində bir sıra tanınmış şəxslər saxlanılıb.
Türkiyə mətbuatına istinadən verilən məlumata görə, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 16 nəfər haqqında həbs qərarı verilib.
Əməliyyat narkotik maddələrlə bağlı araşdırmanın yeni mərhələsi çərçivəsində həyata keçirilib. İstintaq orqanları saxlanılanların “narkotik vasitələrin istifadəsi və istifadənin asanlaşdırılması” ilə əlaqəli fəaliyyətlərdə iştirak etdiyini ehtimal edir.
Saxlanılanlar arasında məşhur şəxslər və iş adamları — Simge Sağın, İbrahim Çelikkol, Melek Mosso, Deha Bilimler, Mustafa Ceceli, Ersay Üner, Bengü Erden, Z.Aslı Sipahi və İlkay Şencan yer alır. Bəzi şəxslər ölkə daxilində saxlanılıb, bəziləri isə xaricdə olduğu üçün proseslər davam edir.
Rəsmi açıqlamada bildirilir ki, əməliyyat “ictimai əxlaqın və ailə dəyərlərinin qorunması” məqsədilə həyata keçirilir və istintaq tədbirləri davam etdirilir.