Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova aprelin 9-da Azərbaycanda rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə Azərbaycan ilə Litva arasında mövcud dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığı qeyd edilib. Humanitar sahədə əməkdaşlıqdan danışan Milli Məclisin sədri təhsil və mədəniyyət sahəsində əlaqələrinin xalqlar arasında münasibətlərin dərinləşməsində mühüm rol oynadığını bildirib. Hazırda Litva ali təhsil müəssisələrində çoxlu sayda azərbaycanlı tələbələrin təhsil aldığı və qarşılıqlı mədəni tədbirlərin keçirildiyi məmnuniyyətlə qeyd olunub.
Görüşdə iki ölkə arasında parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunulub. Qarşılıqlı səfərlərin və parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin qanunverici orqanlar arasında dialoqun inkişafına töhfə verdiyi vurğulanıb. Parlamentlərin profil komitələri arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi haqqında danışılıb.
Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini deyib, mövcud geniş imkanları qeyd edərək iqtisadiyyat, humanitar, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
Litva parlamentində Azərbaycanla dostluq qrupunun üzvü olduğunu bildirən qonaq, ikitərəfli münasibətlərin inkişafında parlamentlərin roluna toxunaraq, işçi qruplarının fəaliyyətinin genişləndirilməsinin və qarşılıqlı səfərlərin təşviq olunmasının əhəmiyyətini vurğulayıb.
Görüşdən sonra qonaqlar Milli Məclisin plenar iclas zalı və parlamentin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar.
Sonda qonaqlar xatirə şəkli çəkdiriblər.