Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun yeni mərhələsi keçirilir.
Təşəbbüs tərəflər arasında birbaşa əlaqələrin və etimadın gücləndirilməsini hədəfləyir. Aprelin 10–12-də Azərbaycanda növbəti ikitərəfli dəyirmi masa təşkil olunacaq.
Məlumata görə, bu dəfə Ermənistan nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub və delimitasiya və demarkasiya olunmuş ərazilərdən keçərək bütün sərhəd və pasport nəzarəti prosedurlarından keçib.
Dialoq prosesi 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.
Görüşün gündəliyinə sülh prosesinin cari vəziyyəti, “Sülh Körpüsü” iştirakçılarının ölkələrində həyata keçirdiyi fəaliyyətlər və əldə olunan nəticələr, eləcə də regiondakı vəziyyət daxildir.
Müzakirələr əsasən cəmiyyət səviyyəsində sülh təşəbbüslərinin təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın artırılması məsələlərinə həsr olunacaq.
Azərbaycan və Ermənistan arasında son illərdə sülh prosesinin irəlilədilməsi istiqamətində diplomatik və ictimai platformalarda müxtəlif təşəbbüslər həyata keçirilir. Vətəndaş cəmiyyəti dialoqları tərəflər arasında etimadın gücləndirilməsi üçün əlavə kanal kimi qiymətləndirilir.
Aytac
Son xəbərlər
Daha çox