Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Cənubi Koreyada mobil rabitə istifadəçiləri aylıq yüksək sürətli internet limiti bitdikdən sonra da aşağı sürətlə baza məlumatlara çıxış əldə edəcəklər.
Bu barədə Cənubi Koreyanın Elm və Texnologiya Nazirliyi məlumat yayıb. Qərara əsasən, istifadəçilərə 400 Kbit/s sürətlə internet təqdim olunacaq ki, bu da mesajlaşma və xəritə tətbiqlərindən istifadə kimi əsas funksiyaları mümkün edəcək.
Təşəbbüs çərçivəsində ölkənin aparıcı mobil operatorları – SK Telecom, KT Corporation və LG Uplus – bu xidməti bütün abunəçilər üçün tətbiq etməyə razılaşıblar.
Nazirliyin məlumatına görə, sürət video yayımları kimi yüksək trafik tələb edən xidmətlər üçün kifayət etməsə də, gündəlik kommunikasiya üçün yetərli olacaq. Dəyişikliklərin iyunun sonuna qədər tətbiqi planlaşdırılır.
Yeni siyasətin limitsiz internet paketinə malik olmayan təxminən 7,17 milyon istifadəçiyə fayda verəcəyi və onların illik ümumilikdə 322,1 milyard von (təxminən 218,8 milyon dollar) qənaət etməsinə imkan yaradacağı gözlənilir.
Nazirlik bildirib ki, “süni intellekt və rəqəmsal dövrdə mobil məlumatlar zəruri ehtiyaca çevrilib” və bu addım vətəndaşların kommunikasiya və informasiya əldə etmək hüquqlarının genişləndirilməsinə xidmət edir.
Bundan əlavə, hökumət mobil operatorlardan 65 yaşdan yuxarı istifadəçilər üçün səsli zəng və SMS limitlərinin genişləndirilməsini tələb edəcək. Bu tədbirin təxminən 1,4 milyon yaşlı abunəçini əhatə edəcəyi bildirilir.
Aytac