İranın nümayəndə heyətinə 70-dən çox şəxs daxildir
Pakistanın paytaxtı İslamabadda ABŞ ilə danışıqlar aparacaq İran nümayəndə heyətinin tərkibinə 70-dən çox şəxsin daxil olduğu bildirilir.Bu barədə ISNA agentliyi məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətinə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf rəhbərlik edir. Heyətdə xarici işlər naziri Abbas Əraqçi, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian və digər yüksək vəzifəli şəxslər də yer alır.
ISNA-nın məlumatına əsasən, nümayəndə heyətinə həmçinin iqtisadi, təhlükəsizlik və siyasi sahələr üzrə ixtisaslaşmış komitələrin üzvləri, eləcə də media nümayəndələri daxildir. Danışıqların həssaslığı nəzərə alınaraq, texniki və məsləhətçi heyət də prosesə cəlb olunub.
Bildirilib ki, nümayəndə heyətinə əlavə olaraq protokol və əlaqələndirmə qrupları, tərcüməçilər və mühafizəçilər də daxildir.