• $
  • £

Azərbaycanda minimum pensiya alanların sayı 63 faiz azalıb - səbəb nədir?

Azərbaycanda minimum pensiya alanların sayı 63 faiz azalıb - səbəb nədir?
19.08.2026 11:14

Azərbaycanda minimum məbləğdə əmək pensiyası alanların sayı bir ildə 21 775 nəfər və ya 63 faiz azalıb. Bu barədə  Dövlət Statistika Komitəsi anews.az-ın sorğusuna cavab olaraq bildirib.

2026-cı il iyulun 1-nə ölkədə minimum məbləğdə əmək pensiyası alanların sayı 12 794 nəfər olub. 2025-ci il iyulun 1-də isə bu göstərici 34 569 nəfər təşkil edib.

Kateqoriyalar üzrə ən böyük azalma əlilliyə görə minimum pensiya alanlar arasında qeydə alınıb. Onların sayı bir ildə 1 176 nəfərdən 363 nəfərə düşüb. Bu, 69,1% azalma deməkdir.

Yaşa görə minimum pensiya alanların sayı 31 722 nəfərdən 11 799 nəfərə, ailə başçısını itirməyə görə minimum pensiya alanların sayı isə 1 671 nəfərdən 632 nəfərə enib.

Hazırda Azərbaycanda minimum əmək pensiyası 320 manatdır. Bu məbləğ 2025-ci il fevralın 1-dən 280 manatdan 320 manata qaldırılıb. 2026-cı il yanvarın 1-dən isə pensiyalar 9,3 faiz indeksləşdirilib.

Minimum pensiya alanların sayı niyə azalır?

Dövlət Sosial Müdafiə Fondunun anews.az-ın sorğusuna cavabında bildirilib ki, minimum pensiya alanların sayının azalmasının əsas səbəbi pensiyaların davamlı artırılmasıdır.

"Hazırda minimum pensiya 320 manatdır. Aparılan sosial islahatlar çərçivəsində pensiyalar da hər il indeksləşdirilərək artırılır. 2026-cı ilin yanvarın 1-dən pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılıb", - fondun açıqlamasında deyilir.

DSMF qeyd edib ki, bunun nəticəsində minimum pensiya alanların da ödənişləri artırılıb və həmin şəxslər artıq minimum pensiya alanların siyahısından çıxıblar.

Milli Məclisin əmək və sosial müdafiə komitəsinin sədr müavini Elşad Musayev də əsas səbəblərdən birinin pensiyaların artması olduğunu bildirib.

"Minimum pensiya alanların sayının sürətlə azalmasının əsas izahlarından biri ondan ibarətdir ki, pensiya məbləği artdıqca minimum pensiya alanların bir hissəsi artıq 320 manatdan yuxarı pensiya almağa başlayır. Onda da təbii ki, 320 manatdan yuxarı pensiya alırsa, artıq o minimum pensiya alanlar siyahısından çıxır, digər kateqoriyaya aid olunur, - deputat bildirib. 

İqtisadi ekspert Emin Qəribli isə azalmanı əmək münasibətlərinin rəsmiləşdirilməsi və pensiya kapitalının formalaşması ilə əlaqələndirir.

"Çox vaxt elə olurdu ki, insanlar işləmədiyi hallarda minimum əməkhaqqı alırdılar. O say azalıb, o deməkdir ki, insanlar artıq qeydiyyata düşürlər və pensiya kapitalı formalaşır. Bu isə pensiya kapitalının minimumdan daha çoxdur. Bu, müsbət bir haldır. Yəni ki, bu islahatların öz nəticəsini verir, - ekspert əlavə edib. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə minimum pensiya alanların sayının azalmasını iki amillə əsaslandırıb.

"Birincisi, təbii ki, bəzi vətəndaşlarımızın stajı və ya kapitalı olmadığı üçün onlar minimum pensiya ala bilməyiblər, yəni təyin olunmayıb. Nəticədə onlar yaşa görə müavinət alırlar və ya almağa başlayıblar, - o bildirib. 

Onun sözlərinə görə, digər səbəb pensiyaya çıxan şəxslərin pensiya kapitalının minimum tələb olunan həddən yüksək olmasıdır.

"Kapitalın həcminə görə pensiya məbləği müəyyənləşdiyinə görə pensiyaya çıxanların kapitalı tələb olunan minimum kapital məbləğindən çox olduqda, artıq onlar minimum pensiya deyil, həmin vətəndaşlarımız nisbətən daha böyük məbləğdə pensiya alırlar, - Bayramov deyib.

İqtisadi ekspert Rəşad Həsənov minimum pensiya alanların sayındakı azalmanın səbəblərini daha geniş amillərlə izah edir.

"Minimum pensiyanı nəzərə almaq lazımdır ki, ancaq bir təqvim ili üçün mövcud olan pensiyadır. Yəni yanvarın 1-dən pensiyaya çıxan şəxslərin dekabrın 31-nə qədər, növbəti indeksləşdirməyə qədər aldığı pensiyalardır. Onda indeksləşdirmə baş verən andan etibarən minimum pensiya məbləğində dəyişiklik baş verir, yəni onlar həmin siyahıdan çıxırlar", - ekspert deyib. 

Ekspert minimum pensiya alanların sayına təsir edən amillərdən biri kimi qadınların pensiya yaşının mərhələli artırılmasını göstərir.

"Burada  saya təsir edən faktor da qadınların hər il 6 ay pensiya yaşının artırılmasıdır.Hər il də biz minimum pensiya alanların sayında azalma baş verdiyini müşahidə edirik. İkinci amil isə bu qanunvericilik qüvvəyə minəndən sonra, 2017-ci ildə «Əmək pensiyaları haqqında» qanuna dəyişiklik ediləndən sonrakı dövrdə minimum kapital tələbi qoyulandan sonra pensiya təyin edilməsi zamanı artıq müəyyən qədər insanlarda bu istiqamətdə narahatlıqlar yarandı və mümkün qədər onlar öz əməyini leqallaşdırmağa çalışdılar, - o əlavə edib.

Həsənovun sözlərinə görə, minimum pensiya əsasən müəyyən şərtlərlə staja görə pensiyaya çıxan şəxslərə tətbiq olunur.

Sosial müavinət alanların sayı artır

Minimum məbləğdə əmək pensiyası alanların sayının azalması fonunda yaşa görə sosial müavinət alanların sayında artım qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il iyulun 1-nə yaşa görə sosial müavinət alanların sayı 177,5 min nəfər olub. 2025-ci ilin eyni dövründə bu göstərici 166,2 min nəfər idi. Beləliklə, bir il ərzində yaşa görə sosial müavinət alanların sayı 11,3 min nəfər və ya 6,8 faiz artıb.

Hazırda yaşa görə sosial müavinət 220 manatdır. Əmək pensiyası hüququ yaranmayan, lakin müəyyən yaş həddinə çatmış və işləməyən şəxslər bu müavinəti almaq hüququna malikdir.

İqtisadi ekspert Rəşad Həsənov sosial müavinət alanların sayındakı artımın pensiya sistemindəki dəyişikliklərlə əlaqəli olduğunu bildirir.

"Yaşa görə sosial yardım alanlara münasibətdə sayın artmasını şərtləndirən əsas faktor isə aktiv olaraq 2017-ci ildən sonra formalaşdırılmış pensiya sistemidir. Yəni bu sistem pensiya əlçatanlığını kəskin şəkildə aşağı saldı və nəticədə insanların əhəmiyyətli hissəsi pensiya hüququ əldə edə bilmirlər və bunun əvəzedicisi olan yaşa görə sosial müavinətlə təmin edilirlər, - ekspert bildirib. 

Ekspert qadınların pensiya yaşının artırılmasını da əsas amillərdən biri kimi göstərir.

"Pensiyaçıların əhəmiyyətli hissəsini qadınlar olurlar. Çünki kişilərin demək olar ki, 58%-i pensiya yaşına çatmadan vəfat edir. Və qadınların pensiya yaşının hər il 6 ay artırılması, yaş həddinin artırılması burada əsas təsiredici faktordur, - o əlavə edib. 

Onun sözlərinə görə, demoqrafik dinamika da pensiyaçıların sayına təsir edə bilər.

"Amma buna baxmayaraq, istənilən halda əhalinin artım tempi aşağı düşür və bu, öz-özlüyündə pensiyaçıların sayına təsir göstərən amildir. Buna görə də növbəti dövrlərdə də biz kiçik faizlərlə də olsa, azalma müşahidə edə bilərik, - ekspert qeyd edib. 

Rəşad Həsənov gələcəkdə minimum pensiya alanların sayına əmək bazarında əməkhaqlarının və əmək münasibətlərinin necə rəsmiləşdirilməsinin də təsir göstərəcəyini düşünür.

"Əgər əmək bazarının leqallaşdırılması istiqamətində daha ciddi tədbirlər görüləcəksə, əməkhaqqıları həm qanuniləşəcək, həm əmək münasibətləri qanuniləşəcək, həm əməkhaqqı müqavilələrdə tam əks olunacaqsa - məsələn, bu gün üçün özəl sektorda əksər işəgötürənlər əməkhaqqını minimum pensiya... minimum əməkhaqqı məbləğində leqallaşdırır, ödədiyi əməkhaqqını yox, yalnız 400 manatı rəsmiləşdirir - bu artacaqsa, yəni o faktiki əməkhaqqı müqavilədə öz əksini tapacaqsa, mərhələli şəkildə biz artıq minimum pensiya alanların tamamilə aradan qalxdığını müşahidə edə bilərik, - Həsənov qeyd edib. 

Ekspert kənd təsərrüfatında çalışan şəxslərin pensiya təminatının ayrıca məsələ olduğunu bildirir.

"Yalnız burada daha çox aqrar sektorda çalışanlar - hansı ki, 1 milyon 700 min şəxsdən söhbət gedir - bu şəxslərə münasibətdə kapitalla pensiyaya çıxma hüququ heç bir halda mümkün olmayacaq. Çünki bəsit hesablamalar onu göstərir ki, bu şəxslərin kapitalla pensiyaya çıxması üçün bir 400-500 il lazımdır. Onlar yaşa görə pensiyaya çıxacaqlar, daha doğrusu staja görə pensiyaya çıxacaqlar", - Həsənov deyib. 

Deputat Elşad Musayev yaşa görə sosial müavinət alanların sayının artmasını da qeyd edərək bu ödənişin məbləğinin artırılmasının vacibliyini bildirib.

"Hazırda sosial müavinətin məbləği 220 manatdır. Yaşa görə sosial müavinət əmək pensiyası hüququ yaranmayan, lakin müəyyən yaş həddinə çatmış və işləməyən şəxslərə verilir ki, bu da qeyd elədik, 220 manatdır",  - deputat deyib. 

Deputat Vüqar Bayramov da yaşa görə sosial müavinətin artırılmasını təklif edir.

"Sözsüz ki, bizim bir tərəfdən təklifimiz ondan ibarətdir ki, yaşa görə müavinətin məbləğinə baxılıb artırılması həyata keçirilsin. Çünki nəzərə alsaq ki, hazırda bu rəqəm 220 manatdır, onun artırılması daha məqsədəuyğundur", - o əlavə edib. 

Azərbaycanda minimum əmək pensiyası 320 manatdır. Qanunvericiliyə əsasən, hesablanmış əmək pensiyası bu məbləğdən aşağı olduqda 320 manata çatdırılaraq ödənilir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi çaylardan sel keçəcək - xəbərdarlıq
Cəmiyyət 14:06
Bəzi çaylardan sel keçəcək - xəbərdarlıq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:36
Sabahın hava proqnozu açıqlanıb
Abşeronda qadın ərini öldürməkdə şübhəli bilinərək saxlanılıb
Cəmiyyət 12:23
Abşeronda qadın ərini öldürməkdə şübhəli bilinərək saxlanılıb
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb
Cəmiyyət 11:59
Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb
Azərbaycanda minimum pensiya alanların sayı 63 faiz azalıb - səbəb nədir?
Cəmiyyət 11:14
Azərbaycanda minimum pensiya alanların sayı 63 faiz azalıb - səbəb nədir?
Sabah Astaranın üç kəndində qaz olmayacaq
Cəmiyyət 11:13
Sabah Astaranın üç kəndində qaz olmayacaq
Birinci Qarabağ müharibəsinin 5 itkin-şəhidi avqustun 21-də dəfn olunacaq
Cəmiyyət 11:02
Birinci Qarabağ müharibəsinin 5 itkin-şəhidi avqustun 21-də dəfn olunacaq
Super El Nino" 2027-ci ili tarixin ən isti ilinə çevirə bilər
Cəmiyyət 10:54
Super El Nino" 2027-ci ili tarixin ən isti ilinə çevirə bilər
"By Ella" ləqəbli bloqer barəsində həbs qətimkan tədbiri seçilib
Cəmiyyət 10:45
"By Ella" ləqəbli bloqer barəsində həbs qətimkan tədbiri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol