Orta aylıq əməkhaqqı 1173 manata yüksəldi
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2% artaraq 1173 manata çatıb.
Sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışanların ümumi sayı 1 milyon 776,8 min nəfər təşkil edib; onların 834,2 min nəfəri (47%) dövlət, 942,6 min nəfəri (53%) isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdlu işçilərin ən böyük payı ticarət və nəqliyyat vasitələrinin təmiri (18,9%), təhsil (17,5%) və sənaye (13,9%) sahələrində cəmləşib. İşçilərin 8,6%-i səhiyyə və sosial xidmətlər, 6,8%-i tikinti, 6,2%-i dövlət idarəetməsi, müdafiə və sosial təminat, 4,4%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i elmi və texniki fəaliyyət, 2,5%-i maliyyə və sığorta, 2,3%-i isə kənd təsərrüfatı sektorunda məşğul olub, qalan 15%-i isə digər sahələrin payına düşüb.
N. Təbrizli