XİN: Dron hücumuna məruz qalan gəmidəki 8 azərbaycanlı xilas edilib
Bu gün saat 01:30 radələrində Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə “CHELSEA-3” yük gəmisinə dron hücumu nəticəsində heyətdəki 8 Azərbaycan vətəndaşının hamısı xilas edilib. Bunu XİN-in sözçüsü Ayxan Hacızadə bildirib
"Onlardan 1 nəfər, 1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli hazırda Varna şəhərindəki hərbi hospitala yerləşdirilib və onun səhhəti nəzarətdə saxlanılır. Digər 7 nəfər Azərbaycan vətəndaşı ilkin tibbi müayinədən keçib, onların vəziyyəti qənaətbəxşdir.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də onların ölkəyə təhlükəsiz qayıdışının təşkili istiqamətində zəruri tədbirlər görülür.
Bir daha, Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq".