Azərbaycan Fransa xarici işlər nazirinin ittihamlarını pisləyib
Azərbaycan Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərindəki proseslərlə bağlı Bakıya qarşı səsləndirdiyi ittihamları əsassız adlandıraraq pisləyib. Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Baronun oktyabrın 13-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forum”unda səsləndirdiyi fikirlər Fransanın Azərbaycanla münasibətlərdə qarşıdurma ritorikasından əl çəkmədiyini göstərir.
Bəyanatda Azərbaycanın Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərində yaşayan xalqların hüquqları uğrunda mübarizəyə müdaxilədə ittiham edilməsinin əsassız olduğu vurğulanıb.
“Fransanın dənizaşırı ərazilərində baş verən proseslərə dair fərqli mövqeləri olan tərəfləri əsassız şəkildə xarici müdaxilə ilə əlaqələndirmək həmin ərazilərin əhalisinin iradəsini və narahatlıqlarını kölgədə qoymaq cəhdidir”, – bəyanatda bildirilib.
Sənəddə, həmçinin demokratiya, insan hüquqları və hüququn aliliyi prinsiplərindən danışan Fransa rəsmilərinin bu prinsiplərin öz ölkələrinin siyasətində ardıcıl tətbiqinə diqqət yetirməsinin vacibliyi qeyd olunub.
Azərbaycan Fransa tərəfini ölkə ilə bağlı əsassız iddialara son qoymağa, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırıb.
Fransa xarici işlər naziri Jan-Noel Baronun oktyabrın 13-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Qlobal Forumunda çıxışında Azərbaycana yönəlik ittihamlarının əsas məğzi Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyada fəaliyyəti ilə bağlı olub.
Barro Azərbaycanın adı çəkilən bir qrupunun Numeada konqreslər təşkil edərək Fransanın dənizaşırı ərazilərində etiraz çağırışları yaydığını və mübahisəli konstitusiya layihələrini dövriyyəyə buraxdığını iddia edib. O, bu fəaliyyətləri xarici müdaxilə və demokratik prosesləri sabitsizləşdirmək cəhdləri kontekstində təqdim edib.
O, çıxışında Fransada 2027-ci il prezident seçkiləri ərəfəsində xarici müdaxilə və dezinformasiya cəhdlərinin arta biləcəyi barədə xəbərdarlıq edib. Barrot İsrail şirkətini Fransa sosial şəbəkələrində Fələstin məsələsi ətrafında süni qarşıdurma yaratmaq üçün saxta hesablar açmaqda, İlon Maskı isə Avropa liderlərinə qarşı onlayn təzyiq kampaniyaları aparmaqda ittiham edib. Nazir bu cür müdaxilələrin mənbəyindən asılı olmayaraq qarşısının alınmalı olduğunu bildirib.
Bakı Təşəbbüs Qrupu Fransa və digər ölkələrin müstəmləkəçilikdən əziyyət çəkən ərazilərində yaşayan xalqların hüquqlarını və dekolonizasiya təşəbbüslərini dəstəkləyən tədbirlər keçirir. Fransa rəsmiləri isə qrupun fəaliyyətini dəfələrlə ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndiriblər. 2025-ci ilin yanvarında Fransa xarici işlər naziri Senatda çıxışı zamanı Bakı Təşəbbüs Qrupunu Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə rəqəmsal və fiziki müdaxilə cəhdlərində ittiham edib. Azərbaycan tərəfinin bu məsələyə dair mövqeyi isə Fransanın ittihamlarının əsassız olduğu və ərazilərdə yaşayan xalqların hüquqları ilə bağlı məsələlərin xarici müdaxilə kimi təqdim edilməsinin onların iradəsini kölgədə qoyduğu yönündədir.
Gülnar Nazimqızı