Qarabağ və Şərqi Zəngəzurda 100 minə yaxın insan yaşayır - Əliyev
İşğaldan azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir. İndiyədək 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıdıb. Bu barədə Prezident İlham Əliyev Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciətində bildirib.
Prezident qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması üçün indiyədək dövlət büdcəsindən 25,5 milyard manat vəsait ayrılıb.
Onun sözlərinə görə, Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi məqsədilə 300 min hektardan çox ərazi mina və partlayıcı sursatlardan təmizlənib.
İlham Əliyev bildirib ki, regionda 1 500 kilometrə yaxın yol tikilib, Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları istifadəyə verilib. Dəmir yollarının inşası davam etdirilir.
Müraciətdə qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzurda bir yeni su anbarı tikilib, beş su anbarı bərpa edilib, 13 yarımstansiya və ümumi gücü 307 meqavat olan 38 su elektrik stansiyası istismara verilib.
Prezidentin sözlərinə görə, regionda 40 təhsil və 20 səhiyyə müəssisəsi, həmçinin Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayıb.
İlham Əliyev vurğulayıb ki, Böyük Qayıdış proqramının növbəti mərhələsində əsas məqsəd özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini gücləndirməkdir.
Son xəbərlər
Daha çox