ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Pol Kapur Türkmənistana səfər edib.Bu barədə TASS ABŞ-nin Aşqabaddakı səfirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Səfirliyin məlumatında bildirilib ki, dövlət katibi Marko Rubionun Mərkəzi Asiyaya səfərindən sonra Pol Kapurun Türkmənistana səfəri iki ölkə arasındakı münasibətlərin müsbət dinamikasını möhkəmləndirməyə xidmət edir.
Səfər çərçivəsində işgüzar əlaqələrin, enerji sahəsində əməkdaşlığın və regional bağlılığın genişləndirilməsi imkanlarının müzakirəsi nəzərdə tutulur.
ABŞ dövlət katibi Marko Rubio oktyabrda Özbəkistanın Səmərqənd şəhərinə səfər edib. Səfər çərçivəsində ABŞ və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin "C5+1" formatında görüşü keçirilib.
"C5+1" ABŞ-nin Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla kollektiv əməkdaşlıq mexanizmidir.
























