Gürcüstanda surroqat analıq qadağan edilir

Gürcüstanda hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası surroqat analığın tamamilə qadağan edilməsi barədə qərar qəbul edib.
Bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya brifinqdə bildirib.
Onun sözlərinə görə, bununla bağlı qanun layihəsi yaxın vaxtlarda parlamentə təqdim olunacaq. Məsələ Gürcüstan Patriarxlığı ilə də müzakirə edilir.
Kirtsxaliya qərarın surroqat analıqla bağlı ciddi etik və hüquqi risklərlə əlaqədar qəbul edildiyini bildirib. O, xüsusilə insan alveri, qadınların mümkün istismarı və uşaqların hüquqlarının qorunması ilə bağlı narahatlıqları qeyd edib.
2023-cü ildə Gürcüstan hakimiyyəti surroqat analıq xidmətlərinin xarici vətəndaşlar üçün qadağan edilməsini müzakirə etmişdi. Yeni qərara əsasən isə bu fəaliyyətin ölkə ərazisində tamamilə qadağan olunması nəzərdə tutulur.

Son xəbərlər 
Daha çox 






















