DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) Malatyada etiraz aksiyası keçirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.Bu barədə DMM “X” hesabında məlumat yayıb.
Bildirilib ki, hazırda Malatyada belə bir hadisə baş verməyib. Sosial şəbəkələrdə yayılan görüntülərin köhnə olduğu və ictimaiyyəti çaşdırmaq məqsədilə kontekstdən çıxarılaraq yenidən paylaşıldığı müəyyən edilib.
“İctimai asayişi pozmağa yönəlmiş bu əsassız iddiaları hazırlayan və yayan şəxslər barəsində zəruri hüquqi tədbirlərə başlanılıb”, - açıqlamada qeyd olunub.
DMM vətəndaşları ictimai sabitliyi, birlik və həmrəyliyi hədəf alan dezinformasiya xarakterli paylaşımlara inanmamağa çağırıb.
Sözügedən görüntülər ötən gün sosial şəbəkələrin Türkiyə seqmentində geniş müzakirə olunub. Paylaşımlarda Malatyada hökumət əleyhinə etiraz aksiyaları keçirildiyi iddia edilib.
























